ABŞ prezidenti Donald Tramp rus oliqarxlarına 5 milyon dollara başa gələcək "qızıl kart"dan istifadə edərək ABŞ vətəndaşlığı almağa icazə verə bilər. Eyni zamanda Tramp hesab edir ki, rus oliqarxları arasında “çox yaxşı insanlar” var.
HİT.az xəbər verir ki, bu barədə "Politico" yazır.
Fevralın 25-də Tramp əcnəbi vətəndaşlara 5 milyon dollar dəyərində "qızıl kart" almaqla Amerika vətəndaşlığı almaq imkanını açıqlamışdı. Xüsusilə, o, rus oliqarxları üçün belə bir ehtimalı istisna etməyib. Prezidentin qeyd etdiyi kimi, onların bəzilərini tanıyır və onlar çox yaxşı insanlardır: "Onlar əvvəlki kimi zəngin deyillər. Düşünürəm ki, onlar 5 milyon dolları ödəyə bilərlər".
Nəşr qeyd edir ki, rus oliqarxları siyasi əlaqələri olan, vaxtilə Rusiyada postsovet özəlləşdirməsindən bəhrələnən, həmçinin siyasətə, mediaya və əsas sənaye sahələrinə təsir göstərən zəngin biznesmenlərdir.
Məqalədə deyilir: "Rusiyanın ən bədnam oliqarxlarından bəziləri - Roman Abramoviç, Oleq Deripaska və Əlişir Usmanov sanksiyalarla və Kremllə əlaqələri ilə bağlı mübahisələrlə üzləşiblər".
Nəşr onu da xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden yanvarda Oval kabinetdəki son çıxışında Amerikada ölkədə demokratiyaya təhlükə yaradan ultra zəngin "oliqarxiya"nın böyüməsi barədə xəbərdarlıq edib və ABŞ vətəndaşlarını qurumları “güclü qüvvələrdən” qorumağa çağırıb.
Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib. Amerika Birləşmiş Ştatlarının prezidenti etiraf edib ki, təcavüzkar ölkəyə qoyulan maliyyə məhdudiyyətləri gələcəkdə nə vaxtsa aradan qaldırıla bilər, eyni zamanda, bunun hazırda müzakirə olunmadığını bildirib.
Samir