Tramp Rusiyaya gedəcək? - "Hər an hər şey ola bilər"

DÜNYA
10:00 / 27.02.2025
56

"Hələ Rusiya ilə ABŞ arasındakı danışıqlar ilkin mərhələdədir". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, tərəflər Ər-Riyadda görüşəndən sonra da bu və ya digər məsələlərlə bağlı müzakirələr apardılar:

"Təbii ki, iki ölkə arasında hansısa istiqamətlərdə müvafiq razılaşmaların olma ehtimalları kifayət qədər yüksəkdir. ABŞ ilə Rusiyanın dövlət qurumları arasında aparılan danışıqlardan sonra prezidentlərin də bir araya gəlməsi və razılaşdırılmış məsələlərlə bağlı ortaq mövqe nümayiş etdirmələri gözlənilir. Həmçinin, onlar razılaşdırılmamış məsələləri yenidən masaya yatıra bilərlər".

368448

Ekspert liderlərin harada görüşə biləcəyi ehtimalından da danışıb:

"Həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya lideri Vladimir Putin açıqlamalarında bu görüşün üçüncü bir ölkədə keçirilə biləcəyini deyib. Böyük ehtimalla, onlar da nümayəndə heyətləri kimi Ər-Riyadda görüşə bilərlər. 

Lakin yaxın perspektivdə Putinin ABŞ-yə və ya Trampın Rusiyaya səfər edəcəyini düşünmürəm. Çünki müzakirə olunası və razılaşdırılası çox sayda məsələ var. Bu məsələlərin də öz həllini tapması 1-2 günün işi deyil". 

Qeyd edək ki, son zamanlarda Rusiyada 9 mayda faşizm üzərində Qələbə Gününün qeyd olunacağı paradda Donald Trampın da iştirak edəcəyi iddia olunur. O, özü bunu təkzib etsə də, sözügedən iddialar yayılmağa davam edir. Politoloq bu iddialara da münasibət bildirib:

"Məncə, Donald Trampın 9 mayda Rusiyaya belə bir səfər etmə ehtimalı kifayət qədər aşağı görünür. Lakin söhbət Trampdan gedir. O, adekvat olmayan addımlar atmaq və qərarlar qəbul etməklə hər kəsi təəccübləndirən siyasətçidir. 

Yəni hər an hər şey ola bilər. Sabah Rusiya ABŞ-nin bütün istəklərini qəbul edəcəyi halda, Tramp Rusiyaya səfər edə bilər. Amma buna baxmayaraq, indiki mərhələdə bu ehtimal çox inandırıcı deyil". 

Pərviz

0