Türk lirəsinin dollar qarşısında bahalaşmamasında ixrac FAKTORU

DÜNYA
14:44 / 27.02.2025
71

"Dollar ABŞ iqtisadiyyatının məhsuludur. ABŞ iqtisadiyyatı isə dünyanın bir nömrəli iqtisadiyyatıdır". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ABŞ iqtisadiyyatı həm istehsal, həm də dünyada tutduğu mövqe baxımından birinci sıradadır:

"Sadəcə Çin iqtisadiyyatı onunla rəqabət apara bilir. Lakin dünya əhalisinin 60 faizi ABŞ dolları yığır. Dünyada hesablaşmaların da ən azı yarısı bu valyuta ilə həyata keçirilir. Yəni dollara çox böyük təlabat var. 

Bundan başqa, ABŞ iqtisadiyyatı davamlı olaraq güclü iqtisadi artım göstəriciləri nümayiş etdirir. Bu kontekstdə də Amerika iqtisadiyyatına davamlı kapital qoyulur. Üstəlik, ABŞ iqtisadiyyatının perspektivi ilə bağlı da müsbət gözləntilər var". 

368488

Ekspert türk lirəsinin nə üçün ABŞ dolları qarşısında güclənə bilməməsi barədə də danışıb:

"Əslində, Türkiyə iqtisadiyyatı da kifayət qədər yaxşı və güclüdür. Təbii ki, ABŞ iqtisadiyyatı ilə müqayisə olunmazdır. Lakin qardaş ölkənin iqtisadiyyatı əmtəə idxalından çox asılıdır. 

Türkiyə enerji və xammal idxal edir. Buna görə də hər il idxala böyük həcmlərdə vəsait ödəyir. Türkiyədə ümümdaxili məhsulun 25 faizini emal sənayesi təşkil etsə də, istehsalda istifadə olunmuş xammalın əhəmiyyətli hissəsi xaricdən gəlir. Həm xammal materialları, həm də enerji xaricdən idxal olunduğuna görə daima valyutaya əhəmiyyətli tələbat yaradır".

Mütəxəssis diqqətə çatdırıb ki, enerji qiymətləri artanda türk lirəsi dəyərdən düşür:

"Türkiyə iqtisadiyyatı ixracyönümlü olduğu üçün orada valyutanın özünün bahalı olması maraqla qarşılanmır. Yəni milli valyutanı davamlı şəkildə ucuzlaşdırmaq həm də onların ixrac siyasətinə çevrilir. 

Çünki lirə ucuz olanda türk məhsullarını almaq idxalçılar üçün əlverişli olur. Bu baxımdan lirənin ucuzlaşması əslində rəsmi Ankaranın da marağındadır. Daha dəqiq desək, lirənin dollar qarşısında güclü olması onların özlərinə sərf etmir". 

Pərviz

0