Ölüm Vadisində nəhəng daşlar öz-özünə hərəkət edir - Alimlər sirri açdı

DÜNYA
23:18 / 27.02.2025
49

ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm dərəsi" milli parkında qeyri-adi bir təbiət hadisəsi müşahidə olunur. Burada çəkisi 320 kiloqrama qədər olan iri qaya parçalarının öz-özünə hərəkət etdiyi qeydə alınıb. 

HİT.az xəbər verir ki, "IFLScience" nəşrinin məlumatına görə, alimlər bu sirri uzun illər araşdırsalar da, yalnız 2014-cü ildə onun izahını tapa biliblər.

1940-cı illərdən bəri mütəxəssislər bu fenomenin səbəbini anlaya bilmirdi. Lakin PLOS One jurnalında yayımlanan araşdırmada alimlər bəzi qaya parçalarına GPS izləyiciləri qoşaraq və onları aşağı sürətli videokameralarla qeydə alaraq, nəhayət, bu sirri açmağı bacarıblar.

Araşdırma nəticəsində məlum olub ki, yay aylarında quru və tozlu olan "Ölüm dərəsi"nin qurumuş göl yatağı – ipodrom playa, qışda dayaz bir gölə çevrilir. Temperatur aşağı düşdükdə isə gölün səthində 3-6 mm qalınlığında buz qatı əmələ gəlir. Buz təbəqəsi nazik olsa da, onun parçalanaraq yüngül küləklə hərəkət etməsi üçün kifayət edir.

Mütəxəssislər bildiriblər ki, bu hərəkət üçün müəyyən şərtlər lazımdır. İlk növbədə, göl səviyyəsi elə olmalıdır ki, bəzi qaya parçaları suyun altında, bəziləri isə səthdə qalsın. Bundan əlavə, üzən buz parçaları, günəş işığı və kifayət qədər zəif küləklər bu prosesin baş verməsində əsas rol oynayır.

GPS izləyicilərinin məlumatlarına əsasən, qaya parçaları hərəkətə başladıqdan sonra dəqiqədə 2-5 metr sürətlə irəliləyib. Alimlər hətta eyni vaxtda 60 qayanın hərəkət etdiyi "daş rallisi"ni müşahidə ediblər. Bəzi daşlar bir neçə mərhələdə 224 metr məsafə qət edə bilib.

Araşdırma müəllifləri vurğulayıblar ki, əvvəllər buzun bu prosesdə rol oynaya biləcəyi düşünülürdü, lakin onun çox nazik olması və daşları hərəkət etdirmək üçün minimal küləyin yetərli olması elm üçün yeni bir kəşf olub.

Samir

0