"İndiki məqamda Ukraynaya Rusiya qarşısında tab gətirə bilmək üçün hərbi, siyasi, maliyyə və texnoloji cəhətdən ciddi dəstək lazımdır".
Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Ukrayna ABŞ-nin siyasi və maliyyə dəstəyi olmadan Rusiya ilə müharibəni davam etdirməyə çətinlik çəkər:
"Düzdür, Avropa İttifaqının bəzi ölkələri, xüsusilə Almaniya və Fransa Kiyev hakimiyyətinə dəstək verməyə davam edəcəklərini bildirirlər. Eyni zamanda, Böyük Britaniya və başqa dövlətlər də bütün vasitələrlə Ukraynanı dəstəkləyir. Ancaq bütün bunları kifayət etmir".
Ekspertin fikrincə, məhz bu səbəbdən Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa hər hansısa bəhanə verməməyə çalışır:
"O, verilən maliyyə və hərbi yardımın davam etdirilməsi üçün ABŞ-nin istəkləri yerinə yetirir. Zelenski buna görə Trampın Ukraynanın təbii ehtiyatları ilə bağlı təklifi ilə razılaşdı. Əslində, onun bu şərtlərlə razılaşacağı bəlli idi.
Çünki Tramp da geri addım atmadı. Hətta Trampın bununla bağlı Ukraynaya göndərdiyi ikinci təklif birincidən daha ağır idi. Yəni Zelenski ABŞ Prezidentinin geri addım atmayacağını anladı. Əks təqdirdə, Tramp daha ağır təkliflər verə bilərdi. Bütün bunlara görə, Ukrayna lideri ABŞ-nin təklifini qəbul etməyə məcbur qaldı".
Politoloq diqqətə çatdırıb ki, Rusiya da bəzi məsələlərdə ABŞ-yə "yaşıl işıq" yandırıb:
"Məsələn, Rusiya işğal etdiyi Ukrayna ərazilərinə ABŞ şirkətlərinin investisiya qoya biləcəyi və oradakı mədənləri çıxara biləcəkləri ilə bağlı ilkin təklif verib. Həmçinin, ABŞ şirkətləri Rusiyaya dəvət edilib.
İstənilən halda, Donald Tramp hər iki tərəfdən istədiyini almaq üzrədir. Lakin Zelenskinin bu addımının yetərli olub-olmayacağı hələ dəqiq deyil. Onu da nəzərə almaq lazımdır ki, Zelenskiyə hakimiyyətdə qalmaq üçün də ABŞ-nin dəstəyi olduqca vacibdir. Yəni Zelenskinin Trampın Ukraynanın təbii sərvətləri ilə bağlı təklifini qəbul etməkdən başqa çıxış yolu yox idi".
Pərviz