"Tramp-Zelenski görüşünün gərgin keçəcəyi bəlli idi" - AÇIQLAMA

DÜNYA
12:10 / 03.03.2025
122

"Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasındakı görüşün gərgin keçəcəyi əvvəlcədən hər kəsə bəlli idi".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, proqnozlar özünü ilk andan etibarən doğrultmağa başladı:

"Görüş olduqca gərgin keçdi. Hərçənd ki, Zelenskinin hər sözündə danışığın yumşaq keçməsinə çalışması hiss olunurdu. Lakin ABŞ vitse-prezidenti Ceyms Devid Vensin söhbətə müdaxiləsi nəticəsində vəziyyət daha da gərginləşdi. 

Hesab edirəm ki, onun iki dövlət başçısı danışdığı zaman söhbətə müdaxilə etməsi ilk növbədə Donald Trampa qarşı ən böyük hörmətsizlik idi. Çünki söz verilmədən danışmaq siyasətdə etikadan kənar addım sayılır. Ümumiyyətlə, köməkçinin prezidentin sözünü kəsməsi etikaya sığmır".

368710

Ekspertin fikrincə, bu görüşdən sonra yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsinin bitəcəyi və tərəflər arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı ümidlərin üzərindən xətt çəkildi:

"Əslində, mən Moskva ilə Kiyev arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Lakin bunu gözləyənlər üçün sözügedən görüş böyük məyusluq yaratdı. 

Bundan sonra Ukraynanı ağır günlər, aylar, bəlkə də illər gözləyəcək. Xüsusilə ABŞ Ukraynaya silah yardımı etməsə, onların vəziyyəti daha da ağırlaşacaq. Son məlumatlara görə, Tramp Zelenskidən üzr istəməsini tələb edir. Ancaq Zelenskinin üzr istəyəcəyini zənn etmirəm".

Onun sözlərinə görə, Tramp hakimiyyətə olduğu müddətdə Ukraynanı, xüsusilə də Zelenskini sıxışdırmağa çalışacaq:

"Tramp-Zelenski görüşündən sonra Avropa ilə ABŞ arasında artıq bir sədd formalaşdı. Bundan sonra əsas məsuliyyət Avropanın üzərində qalacaq. Hərçənd ki, Avropanın da bəzi dövlətləri Ukraynaya silah verilməsinin əleyhinədir. Yəni Avropanın özü də Ukrayna məsələsi ilə bağlı birlik nümayiş etdirmir. 

Ancaq bütövlükdə Avropanın sözügedən ölkədən tamamilə əl çəkəcəyini və silah yardımını dayandıracağını da düşünmürəm. Nəzərə almaq lazımdır ki, onlar Ukraynanı Rusiya ilə aralarında sərhəd kimi görürlər. Ona görə də dəstəyin verilməsi davam edəcək. Həmçinin, bu məsələdə Türkiyənin də rolu arta bilər. Hətta Rusiya ilə Ukrayna arasında hansısa masa qurulsa, Türkiyə də iştirak edəcək".

Pərviz

0