Litvanın xarici işlər naziri Kestutis Budris Baltikyanı ölkələrin Londonda keçiriləcək Ukrayna sammitinə dəvət edilməməsini səhv hesablama adlandırıb.
HİT.az xəbər verir ki, onun sözlərini LRT sitat gətirir.
“Bu, səhv idi. Rusiya ilə birbaşa həmsərhəd olan cəbhəyanı dövlətlər olan Baltikyanı ölkələr sözsüz ki, bu cür müzakirələrdə iştirak etməlidirlər”, deyə o vurğulayıb.
Budris həmçinin hesab edir ki, Qərb Ukraynadakı vəziyyəti müzakirə edərkən diqqətini yayındırmamalıdır, çünki bunun üçün bir format lazımdır. O, Avropanın müxtəlif paytaxtlarında müxtəlif kompozisiyalarda görüşməyi “əlçatmaz lüks” hesab edir.
Martın 2-də Londonda Ukraynanın müzakirə olunduğu beynəlxalq təhlükəsizlik sammiti keçirilib. İclasda Ukrayna lideri Vladimir Zelenski, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.
Lakin Baltikyanı ölkələr, yəni Litva, Latviya və Estoniya bu sammitə dəvət olunmayıb. Sky News mənbəsinin məlumatına görə, bu, Riqa, Vilnüs və Tallinndə güclü narazılıq yaradıb. Nəşrin mənbəsi qeyd edib ki, Moskva belə bir qərarı Baltikyanı ölkələrin ABŞ, Böyük Britaniya və Fransanın maraqlarına tabe olmasının sübutu kimi qiymətləndirə bilər.
Samir