"Hər şeyə rəğmən, ABŞ ilə Ukrayna arasında faydalı qazıntılar haqqında sazişin imzalanması gözlənilir".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ötən həftənin 5-ci Ukrayna Prezidenti Volodimir Zelenski üçün "qara cümə" kimi tarixə düşdü:
"Əslində, onun Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı faydalı qazıntılar haqqında sazişi imzalayacağı gözlənilmirdi. Düzdür, bu sənədin imzalanacağı deyilirdi, amma hadisələri məntiqli şəkildə təhlil edən şəxslər sözügedən görüşdə həmin sazişin imzalanmasını real hesab etmirdilər.
Çünki görüşdən öncə tərəflər bir-birlərinə qarşı ittihamlar səsləndirmişdilər. ABŞ-nin hazırkı administrasiyası Ukraynaya ayrılmış 300 milyard dollardan artıq pulun müqəddəratı ilə bağlı suallar ünvanlayırdılar. Donald Tramp Zelenskini "seçkisiz diktator" adlandırırdı. Hətta ondan prezident seçkilərinin keçirilməsi tələb olunurdu. Yəni bütün bu qarşılıqlı ittihamların fonunda qeyd olunan sənədin Ağ Evdə imzalanacağı gözlənilmirdi".
Ekspert qeyd edib ki, hər halda bu görüş baş tutdu və həmin sənəd imzalanmadı:
"Daha sonra Zelenski Londonda bir sıra görüşlər keçirdi. Burada Avropanın məqsədi vəziyyəti yumşaltmaq, Böyük Britaniya və Fransanın prosesə qoşulmasıdır".
Xəyal Bəşirov hesab edir ki, bir müddət sonra ABŞ ilə Ukrayna arasında sözügedən sənəd imzalanacaq:
"Yəni Zelenskinin bu sənədi imzalayacağını gözləyirəm. Amma bu, proseslərin gedişatından asılı olacaq. Çünki Donald Trampın rəhbərlik etdiyi administrasiya Volodimir Zelenski üçün heç bir seçim qoymadı. Onlar, Zelenskinin sadəcə sülhə hazır olduğu halda Ağ Evə yenidən qayıda biləcəyi barədə fikirlər səsləndirdilər. Əslində, həmin sənədin imzalanması dolayı yolla ABŞ-nin Ukraynaya təhlükəsizlik qarantiyası verir.
Üstəlik, Avropa da artıq bunu qəbul edir. Sadəcə prosesin uzanmasında əsas məqsəd Avropanın Zelenskiyə təsiridir. Onlar müəyyən qədər prosesi uzadaraq öz rollarını biruzə verməyə və hansısa formada prosesdə yer almağa çalışırlar. Yəni növbəti mərhələdə Kiyev ilə Vaşinqton arasında faydalı qazıntılar haqqında sazişin imzalanmasına şahidlik edə bilərik".
Pərviz