ABŞ-da arvadını partlatdaraq öldürməyə cəhd edən və 42 il ərzində saxta ad altında gizlənən şəxs saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Hadisə 1982-ci ildə baş verib. Qadın alət qutusunun partlaması nəticəsində ağır xəsarətlər alıb və barmağını itirib. Həyat yoldaşının həyatına sui-qəsddə şübhəli bilinən Stiven Kreyq həbs edilib, lakin sonradan zaminə buraxılıb. O, növbəti məhkəmə iclasına gəlmədiyindən itib və həmin vaxtdan etibarən onun harada olduğu məlum olmayıb.
Lakin 19 fevral tarixində Nyu-Meksiko ştatının qəsəbələrindən birində 76 yaşlı kişi saxlanılıb. Məlum olub ki, bu şəxs sənədlərdə Uolter Li Koffman kimi tanınsa da, əslində Kreyqdir.
Araşdırma zamanı müəyyən edilib ki, Koffman 1975-ci ildə vəfat edib və Kreyq qaçışından iki il sonra onun adı ilə pasport əldə edib. O vaxtdan bəri Kreyq saxta adla yaşayaraq sosial güzəştlərdən yararlanıb və daşınmaz əmlak alıb.
Hazırda Kreyq həbs edilib. Onun üzərindən silah və sursat tapılıb. Ona saxta pasportdan istifadə və həyat yoldaşına sui-qəsd ittihamları irəli sürülüb.
Samir