Xarici media: Ukrayna ABŞ-dan hansı yardımı itirəcək?

DÜNYA
13:49 / 04.03.2025
55

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb. Ağ Ev xəbəri "Reuters"ə təsdiqləyib. 

HİT.az-ın məlumatına görə, "Bloomberg" yüksək rütbəli Pentaqonun rəsmisinə istinadən yazır ki, Kiyev Moskva ilə sülh sazişi bağlamaq istəyini nümayiş etdirənə qədər belə bir addım müvəqqəti tədbirdir. 

Xarici KİV-in yazdığına görə, Donald Tramp səlahiyyət müddətinin əvvəlindən Ukraynaya silah tədarükünə şübhə ilə yanaşsa da, Ağ Evdə Volodimir Zelenski ilə mübahisədən sonra ciddi tədbirlər görmək qərarına gəlib. Xüsusilə bu, Polşadan tranzit keçən Amerika hərbi texnikasının, o cümlədən silahların tədarükünə aiddir. 

Kieldəki Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, müharibə başlayandan bəri ABŞ Ukraynaya hərbi və iqtisadi dəstək üçün 100 milyard dollardan çox vəsait xərcləyib. 

“The New York Times” yazır ki, Donald Trampın direktivi dəyəri 1 milyard dollardan çox olan silah və sursata təsir edir, onlardan bəziləri yenicə tədarük üçün hazırlanır, digərləri isə artıq Ukraynaya yollanır. "Bloomberg"in məlumatına görə, sözügedən silahlar arasında kritik döyüş sursatları, o cümlədən yüzlərlə idarəolunan reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə silahlar var.

"The Washington Post" əlavə edir ki, Kiyev uzaqmənzilli raketlərin buraxılması üçün ABŞ kəşfiyyatının dəstəyindən də asılıdır. "Bloomberg" Trampın keçmiş prezident Co Baydendən silah tədarükü üçün təxminən 4 milyard dollarlıq öhdəliyi miras qoyub.

“The New York Times” yazır ki, Trampın qərarı münaqişənin kritik məqamında Vaşinqton və Kiyev arasında yaranmış ixtilafı kəskin şəkildə gücləndirir. ABŞ rəsmiləri və analitiklərinin fikrincə, Ukrayna Avropadan öz silah istehsalı və tədarükü ilə həftələrlə, hətta aylarla dayana bilər. Öz növbəsində Fransa, Böyük Britaniya və Almaniya başda olmaqla Aİ ölkələrinin əksəriyyəti yardımı artıracaqlarına söz veriblər. Lakin onların qısa müddətdə fərqi kompensasiya etmək üçün demək olar ki, heç bir ehtiyatı yoxdur.

"The Washington Post" xatırladır ki, avropalılar Ukraynaya 20 milyard dollarlıq hərbi yardım paketi üzərində işləyirdilər. Kiyevin qitədəki tərəfdarları ABŞ-ın Moskva üçün daha əlverişli şərtlərlə sülh danışıqlarına doğru getdiyinə inanaraq, Ukraynanın mövqeyini möhkəmləndirməyə çalışırlar. Plan müttəfiqə artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və digər silah sistemləri göndərmək idi. Bununla belə, qitənin əsas iqtisadiyyatları özləri mübarizə aparır və uzunmüddətli perspektivdə təchizatı saxlamaqda çətinlik çəkə bilərlər, qəzet qeyd edir. Nəticədə Avropa İttifaqı hərbi yardım paketinin hazırlanmasını dayandırdı, Politico yazır. Əvvəllər olduğu kimi, bu təşəbbüs Macarıstan tərəfindən bloklanıb.

Samir

0