Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir Benjamen Haddad ABŞ-ın Ukraynaya hərbi yardımın dayandırılması qərarını tənqid edib. Onun sözlərinə görə, bu addım Rusiya mövqelərini gücləndirir və sülhə nail olmağı çətinləşdirir.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
“Əgər siz sülh istəyirsinizsə, Ukraynaya silah tədarükünün dayandırılması qərarı sülhü gücləndirir, yoxsa onu daha da uzaqlaşdırır? O, sülhü daha da uzaqlaşdırır, çünki bu, yerindəcə aqressor olan Rusiyanın mövqeyini möhkəmləndirir”, deyə Benjamen Haddad bildirib.
Polşanın müdafiə nazirinin müavini Tsezari Tomçik də bu qərarı “pis xəbər” adlandırıb. Ukrayna parlamentinin xarici işlər komitəsinin rəhbəri isə qeyd edib ki, görünür, Tramp Ukraynanı kapitulyasiyaya sövq edir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaq barədə qərar verib. "The New York Times" nəşrinin məlumatına görə, dəstək yalnız ABŞ prezidentinin Ukraynanın Rusiya ilə sülh danışıqlarına hazır olduğunu gördükdən sonra bərpa olunacaq.
Qərar dərhal qüvvəyə minib və artıq göndərilməkdə olan və ya sifariş verilmiş bir milyard dollardan çox dəyərində silah və sursat tədarükünü dayandırır.
Trampın sərəncamı həmçinin Kiyevin ABŞ müdafiə şirkətlərindən yeni hərbi texnika almaq üçün istifadə edə biləcəyi yüz milyonlarla dollar məbləğində yardımı da dondurur.
"The Washington Post" nəşrinin məlumatına əsasən, bu qərar Trampın dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və müdafiə naziri Pit Hegsetlə müzakirələrindən sonra qəbul edilib.
Samir