ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarı riskli addım kimi qiymətləndirilir.
HİT.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazır.
Bildirilir ki, ABŞ lideri hələ də mineral ehtiyatlarla bağlı razılaşmanın tezliklə qüvvəyə minməsini istəyir, lakin nüfuzunu itirmək niyyətində deyil. Trampın, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin cümə günü Oval kabinetdə baş verən mübahisəyə görə üzr istəməsini gözlədiyi vurğulanır.
"Əgər bu çıxılmaz vəziyyət uzun sürərsə, Ukrayna döyüş meydanında əziyyət çəkəcək və bu, Rusiya tərəfinin danışıqlardakı mövqeyini gücləndirəcək. Bu isə Avropada narahatlıq doğuracaq və ehtimal ki, Vaşinqtona qarşı daha da böyük antipatiya yaradacaq", deyə məqalədə qeyd olunur.
Məqalədə həmçinin vurğulanır ki, Ağ Ev Zelenskini mineral ehtiyatlar üzrə razılaşma çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərindən imtina etməyə vadar etməyə çalışacaq və Ukrayna prezidentinin tezliklə bu qənaətə gələcəyinə ümid edir.
ABŞ prezidenti Donald Trampın göstərişi ilə Ukraynaya hərbi yardımın dayandırıldığı Ağ ev tərəfindən təsdiqlənib. Qərar Tramp ilə Volodimir Zelenski arasında baş verən mübahisədən bir neçə gün sonra qəbul edilib. Dünyanın aparıcı nəşrlərinin məlumatına görə, qərar hazırda Ukraynada olmayan bütün yardımları əhatə edir.
Söhbət, xüsusilə, artıq yola salınmış, hava və dəniz nəqliyyatı ilə çatdırılma mərhələsində olan və ya Polşanın tranzit zonalarında gözləyən silah və həyati əhəmiyyətli sursatlardan gedir.
Yardım, Ukrayna rəhbərliyi sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirməyənədək dayandırılıb. Bir sıra nəşrlər yazır ki, Tramp və komandası Zelenskinin cümə günü Ağ evdə yaşanan mübahisəyə görə açıq şəkildə öz günahını etiraf etməsini gözləyirlər.
Samir