ABŞ prezidenti Donald Tramp administrasiyasının hərbi yardımı dayandırması o demək deyil ki, Ukraynanın müdafiəsi sürətlə çökəcək. Lakin bu, Ukrayna ordusunun döyüş meydanındakı arsenalından bəzi ən təsirli silahların çıxarılması ilə təhdid edən ciddi zərbədir və Kiyevə sülh sazişi ilə razılaşmaq üçün təzyiqi artırır.
HİT.az xəbər verir ki, bu barədə "AP News" yazır.
Pentaqonun sözçüsünə görə, Trampın yardımı dayandırmaq əmrinə artıq təsdiq edilmiş və Ukraynaya yönəlmiş yardımlar da daxildir. Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi bildirib ki, Kiyevə artıq nəyin getdiyini nəzərə alsaq, hansı silahların və nə qədər yardımın dayandırıldığı məlum deyil.
Nəşr izah edib ki, müharibə başlayandan bəri ABŞ Ukraynaya yardım göstərmək üçün iki əsas üsuldan istifadə edib: Pentaqonun anbarlarından silah götürmək və onları tez bir zamanda Ukrayna cəbhəsinə göndərmək üçün prezidentin icazəsi və silah göndərmək üçün uzunmüddətli müqavilələrdən istifadə edən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü.
Rəsmi Co Beyden administrasiyası tərəfindən təsdiqlənmiş və prezident icazəsi ilə tədarük edilən bəzi silahların Trampın qadağasına düşdüyünü, lakin başqa təfərrüatların olmadığını bildirib.
Məsələn, Baydenin səlahiyyət müddəti bitmədən təsdiq etdiyi 500 milyon dollarlıq yardım paketinin taleyi bəlli deyil. Buraya hava hücumundan müdafiə raketləri, sursat ötürmə sistemləri və digər avadanlıqlar daxil idi, lakin Ukraynanın paketin hansı hissəsini artıq aldığı və hansı hissəsinin dayandırıldığı hələlik məlum deyil.
Trampın əmrinin Bayden administrasiyası zamanı təsdiqlənmiş hər hansı müqavilələrə təsir edib-etməyəcəyi də bəlli deyilY
"ABŞ-ın hərəkətləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Donbasda amansız hücumunu dayandırmağa çalışdığı döyüş meydanına dərhal təsir etməyəcək. Ukrayna qoşunları Rusiyanın böyük insan və maddi itkilər bahasına gücləndiyi cəbhə xətti boyunca Rusiyanın irəliləyişini ləngitdi".
Jurnalistlər qeyd ediblər ki, ilk növbədə, yardımın dayandırılması hava hücumundan müdafiə sistemini zəiflədəcək və Ukraynanın cəbhə xəttinin xeyli arxasındakı Rusiya hədəflərinə zərbə endirmək qabiliyyətinə zərər verəcək.
Bat Universitetinin (Böyük Britaniya) hərbi əməliyyatlar üzrə eksperti Patrik Berinin sözlərinə görə, Ukrayna artıq şəhərləri Rusiyanın hava hücumlarından qorumaq üçün vacib olan Amerika Patriot sistemləri üçün raket çatışmazlığını yaşayır:
"Problem ondadır ki, ABŞ-ın tədarük etdiyi məhsulların çoxu Avropa və digər ölkələrin qısa müddətdə təmin edə bilməyəcəyi şeylərdir – yüksək keyfiyyətli məhsuldur".
Ukraynada artilleriya mərmiləri və digər sursat ehtiyatları var və bu ölkə hazırda ən mühüm silah növlərindən biri olan pilotsuz təyyarələrin istehsalını artırıb. Nəşr qeyd edib ki, Ukraynanın istifadə etdiyi hərbi texnikanın yarıdan bir qədər çoxu yerli istehsaldır.
RUSI eksperti Çalmers bildirib ki, ukraynalılar müdafiə istehsalını artırıblar və təzyiq altında olduqları üçün inanılmaz sürətlə yeniliklər edirlər.
"Onlar kifayət qədər uzun müddət davam edəcək, lakin bu, həm maddi zərbədir, həm də Avropa üçün çağırışdır", deyə ekspert bildirib.
Samir