Türkiyədə otel iki kişinin bir otaqda qalmasına icazə vermədiyi üçün cərimələndi

DÜNYA
15:41 / 05.03.2025
94

Antalyada iki kişinin bir otaqda qalmasına icazə verilmədiyi üçün kurort otelinə 141.934 türk lirəsi (təxminən 3,9 min ABŞ dolları) məbləğində cərimə kəsilib. 

HİT.az xəbər verir ki, bu qərar otelin hərəkətlərinin diskriminasiya kimi qiymətləndirilməsi nəticəsində qəbul olunub.

"Urfa Değişim" nəşrinin məlumatına görə, iki kişi dost Antalyadakı otellərdən birində eyni otaqda qalmaq istəyib. Lakin otel rəhbərliyi bu tələbi rədd edərək bildirib ki, müəssisədə yalnız kişilər üçün nəzərdə tutulmuş yerləşdirmə təcrübəsi mövcud deyil.

Bundan sonra kişilər Türkiyə İnsan Hüquqları və Bərabərlik İnstitutuna (TİHEK) müraciət ediblər. Aparılan araşdırma nəticəsində məlum olub ki, otelin bu yanaşması əsassız fərziyyə və stereotiplərə əsaslanır və obyektiv, məntiqli səbəblərlə dəstəklənmir. Nəticədə otelə qanunvericiliklə müəyyən edilmiş maksimal məbləğdə inzibati cərimə tətbiq olunub.

Hazırda otel rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin bəzi mənbələrin məlumatına görə, onlar bu qərarı apellyasiya qaydasında şikayət etməyi planlaşdırırlar.

Qeyd edək ki, yerli jurnalistlər TİHEK-in bu qərarını Türkiyədə seksual orientasiya və gender identikliyi əsasında diskriminasiyaya qarşı mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər. Bildirilir ki, bu qərar otellərə və yerləşdirmə sektorunda fəaliyyət göstərən digər müəssisələrə diskriminasiyaya yol verilməməsi ilə bağlı açıq mesaj verir.

Samir

0