Tun şəhəri Bern və İnterlakenə tələsən əksər turistlərin yanından ötüb keçdiyi bir məkandır. Lakin sadəcə dəmiryol vağzalından bir neçə addım atmaq kifayətdir ki, qarşınızda Bern Alp dağlarının qarlı zirvələri, firuzəyi rəngli Aar çayı və fanatlı şəkildə qorunan mərkəzi küçələr canlansın.
HİT.az xəbər verir ki, bu barədə "Independent" nəşrində səyahət eksperti Demi Perera yazıb.
Yerə atılmış tullantılara Tun şəhərində rast gəlmək mümkün deyil – yerli sakinlər təbiətə xüsusi qayğı ilə yanaşırlar.
Tun şəhərində turistlər kanat yolu və ya funikulyor vasitəsilə "Nizen" və ya "Ştokhorn" zirvələrinə qalxa bilərlər. Bu nöqtələrdə restoranlar fəaliyyət göstərir. Havanın isinməsi ilə skuter və ya velosiped icarəyə götürüb "Ştokhorn"dan aşağı enmək də mümkündür.
Tun gölünün son buzlaq dövründə yarandığı ehtimal edilir. Göl ətrafında isə qəhvə dükanları, restoranlar və oturacaq yerləri olan uzun piyada marşrutu uzanır.
Şəhərin qədim hissəsi XIV və XV əsrlərdə formalaşıb. Hazırda Obere Hauptgasse adlı dar, daş döşənmiş əsas küçə butiklər, restoranlar və kafelərlə zəngindir. Küçənin bəzi hissələrinin altından Aar çayı keçir, Mülaplatz meydanında isə taxta körpü yerləşir.
"Mülaplatz" görüşlər üçün ən məşhur məkandır”, deyə Hilterfingendən olan tələbə Cill bildirib.
"Chillounge", "El Camino", "Parada" və "Chikka" çox gözəl restoranlardır. Yayda ən maraqlı fəaliyyətlərdən biri "Aareböötle"dir – insanlar şişmə qayıqlar kirayələyib buradan Bernə qədər üzüb gedirlər. Bu səyahət təxminən iki saat yarım çəkir”, deyə o əlavə edib.
Tun bələdiyyə binası 1500-cü ildə tikilib və şəhərin əsas meydanı olan Rathausplatzda, tarixi binaların əhatəsində yerləşir. Burada hər payızda "Fulehunq" xalq festivalı keçirilir. Əfsanəyə görə, XV əsrdə yaşamış Burqundiya və Lüksemburq hersoqu Cəsur Karlın saray şənliyi ustası Fulehunq Tun küçələrində əsgərlər tərəfindən təqib olunaraq tutulub və o vaxtdan bəri şəhərdə qalıb. Sentyabrın son bazar ertəsi o, şəhər küçələrinə çıxır, insanları güdür və uşaqlara şirniyyat paylayır.
Rathausplatzda qış aylarında Milad yarmarkası, yay aylarında isə açıq havada konsertlər təşkil edilir.
Hər bir nağılvari məkan kimi, Tun şəhərinin də öz qəsri var. Qalanın zirvəsinə çatmaq üçün dik yamacla qalxmaq lazımdır. Buradan Köhnə şəhərə, Tun gölünə və dağlara möhtəşəm mənzərə açılır. XII əsrə aid edilən qala İsveçrənin milli əhəmiyyətə malik irs obyektidir. Onun beş mərtəbəsində Tun şəhərinin 4000 illik sosial və siyasi tarixini əks etdirən muzey fəaliyyət göstərir. Qalanın ən məşhur hissəsi isə dünyada nadir qorunub saxlanılan Cəngavərlər zalıdır.
Bundan başqa, yay aylarında ziyarət üçün açılan, üzüm bağları və çiçəkli bağlar arasında yerləşən "Hüneqq", "Oberhofen" və "Şpits" qəsrləri də mövcuddur. Müvafiq olaraq VII və XIX əsrlərə aid olan bu abidələr Bern Oberland bölgəsinin tarixindən bəhs edir.
Samir