"İsrail Suriyada öz mövcudluğunu təmin etmək və mövqelərini möhkəmləndirmək üçün maksimum şəkildə fəaliyyətə keçib".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İsrail Suriyanın keçid hökumətinə qarşı mübarizədə özünə tərəfdar toplamaq üçün də çalışır:
"Artıq iş o yerə çatıb ki, indiyə qədər Bəşər Əsədin müdafiəçisi qismində çıxış edən druzlarla belə müttəfiqlik axtarışındadır. Hətta bir neçə gün bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı rejimin druzlarla hücum etməsinə imkan verməyəcəklərini, bunun olacağı təqdirdə cavab addımları atacaqlarını açıqladı. Bu da İsrailin druzlarla hansısa ortaq mövqedə çıxış etmək istəyini göstərir".
Ekspert qeyd edib ki, İsrail Suriyada Əhməd əş-Şara hökuməti zəiflətmək üçün Rusiya ilə də danışıqlara başlayıb:
"Netanyahu Rusiyanın Suriyadakı hərbi mövcudluğunu müzakirə etmək üçün özünün hərbi katibi Roman Qofmanı da Moskvaya göndərdi. Onun səfərində məqsəd Suriyadakı vəziyyət fonunda təhlükəsizlik sahəsində Rusiya ilə əlaqələr qurmaq istəyidir. Üstəlik, bunu açıq şəkildə bəyan edirlər. Netanyahu Suriyada Rusiyanın hərbi mövcudluğunu saxlamaqda maraqlıdır.
O, Rusiyanı Dəməşqdəki keçid hökumətinin dəstəklənməsində Türkiyənin qarşısını ala biləcək güc kimi görür. Həmçinin, rusların Suriyadakı Hmeymim və Tartus hərbi bazaların Türkiyənin təsir dairəsinə düşməsindən çəkinən İsrail tərəfi bu narahatlığını Vaşinqtona da çatdırıb. İsrail Rusiyanın dəstəyini ala bilmək üçün də müvafiq addımlar atıb".
Politoloq diqqətə çatdırıb ki, bir neçə gün əvvəl BMT Baş Assambleyasında ABŞ ilə birlikdə Ukraynanı dəstəkləyən qətnamənin əleyhinə səs verməsi də bunun əyani sübutudur:
"Bütün bunlar İsrailin var gücü ilə Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraya təzyiq göstərdiyini deməyə əsas verir. Əslində, İsrail onun yerinə diqtəsi ilə hərəkət edən bir liderin Suriyanın başında olmasını istəyər.
Amma indi belə bir imkanı olmadığı üçün Suriyada öz mövcudluğunu qorumaq yolunu seçib. Bu məqsədlə də müttəfiq axtarışına çıxıb. Lakin bütün bunlara baxmayaraq, indi Suriyada vəziyyəti kökündən dəyişmək və hazırkı hakimiyyəti devirmək mümkün deyil. Xüsusilə də Türkiyə faktorunu nəzərə alanda bu imkansız görünür".
Pərviz