"Məsud Pezeşkian İranın çox "xəstə" vəziyyətində Prezident seçildi".
Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İran hazırda çox çətin vəziyyətdədir:
"Sözügedən ölkə siyasi olaraq çox çətin vəziyyətdədir, xarici siyasətdə isə iflas edib. Həmçinin, İranın iqtisadi vəziyyəti də olduqca pisdir. Yəni bu "xəstəliyin" "dərmanı" da çox çətin tapılar.
Nəzərə almaq lazımdır ki, İran iqtisadi və infrastruktur cəhətdən gücsüzdür. Üstəlik, xarici siyasətdə terrora o qədər pul ayırıblar ki, sanksiyalara məruz qalıb və dünyadan təcrid olunublar. İndi isə artıq bu yanlış siyasətə görə toparlana bilmirlər".
Ekspert qeyd edib ki, bütün bu problemlər Pezeşkianın üzərinə qalıb:
"O, Tehran dövlətinin indiyə kimi etdiyi səhvlərin hamısı ilə üz-üzədir. Üstəlik, İranda dövlət çox qarışıqdır. Pezeşkian isə parlament tərəfindən çox sevilmir. Lakin o, güclü xarakterə sahib siyasətçidir. Çünki bütün bunları bilərək hakimiyyətə gəlib. Həmçinin, onun bəyanatları da yumşaqdır. Molla rejimi isə Pezeşkiandan daxilə və xaricə qarşı istifadə etməyə çalışır".
Məhsa Mehdili vurğulayıb ki, Rusiya ilə ABŞ-nin yaxınlaşması İrana da təsir edəcək:
"Rusiya Prezidenti Vladimir Putinin bu məsələdəki siyasəti də çox önəmlidir. Çünki ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasəti olduqca aydındır. Putinin isə nə edəcəyi tam bilinmir. İran indiyə kimi Rusiyaya dəstək olaraq bölgədə tutunmağa çalışıb.
Lakin ABŞ-Rusiya yaxınlaşmasından sonra vəziyyətin İran üçün necə olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Hərçənd ki, ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılır. Amma buna baxmayaraq, Məsud Pezeşkianı çətin vəziyyət gözləsə də, istefa verəcəyini zənn etmirəm".
Pərviz