Fransanın kiçik sirri: Öz sirli gözəlliyi ilə valeh edən möhtəşəm kənd - FOTO

DÜNYA
21:26 / 06.03.2025
42

Fransanın cənub-şərqində yerləşən Sorj kəndi ölkənin ən böyük sirlərindən biri hesab olunur. O, Primorski Alpları bölgəsində, Roya vadisinin üzərində yüksəklikdə yerləşir. Bu kəndi həm də dramatik mənzərələri, dolama küçələri və zəngin ruhani tarixi səbəbindən "Fransanın Tibet"i adlandırırlar.

HİT.az xəbər verir ki, "Express" nəşri yazır.

Sorjdakı pastel tonlarda binalar sakitlik aşılayır.

"Bu kəndin təcrid olunmuş vəziyyəti ona unikal cazibəsini qorumağa imkan verib. Burada daş döşənmiş küçələr, qədim daş evlər və hər addımda valehedici mənzərələr var. Sorjun ən diqqətçəkən görməli yerlərindən biri isə XVII əsrə aid fransiskan monastırıdır. Bu gözəl memarlıq incisi əvvəllər rahiblərə ev sahibliyi edirdi, hazırda isə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir", deyə məqalədə qeyd olunub.

Bildirilir ki, turistlər monastırın sakit guşələrini araşdıra, heyrətamiz freskalara tamaşa edə və aşağıda uzanan vadinin möhtəşəm mənzərələrindən zövq ala bilərlər.

Piyada gəzintiləri sevənlər üçün isə Mərkandur Milli Parkına yürüş imkanı var. Buradakı marşrutlar sıx meşələrdən, şəlalələrin yanından keçir və gözəl dağ zirvələrinə qədər uzanır.

Bundan əlavə, bölgədə dağ keçisi, cüyür və hətta canavar kimi vəhşi heyvanlar yaşayır.

"Uzaq mövqeyinə baxmayaraq, Sorj qonaqpərvərliyi və inkişaf edən incəsənət icması ilə tanınır. Burada konsertlər, poeziya gecələri və rəsm sərgiləri kimi müxtəlif mədəni tədbirlər keçirilir ki, bu da Fransanın dörd bir yanından və xaricdən yaradıcı insanları cəlb edir", deyə "Express" yazır.

Bu səbəbdən sakit istirahət axtaranlar üçün Sorj ideal seçimdir. Çünki bu kənd unikal tarix, təbii gözəllik və ruhani sakitliyi özündə birləşdirir.

"İstər onun qədim küçələrində dolaşın, istər yerli kafedə kənd yeməklərindən dadın, istərsə də sadəcə dağ havası ilə nəfəs alın — Fransız Rivyerasının bu gizli incisi başqa heç bir yerə bənzəmir", deyə məqalədə vurğulanır.

Samir

0