ABŞ-Ukrayna nümayəndə heyətlərinin görüşündən gözləntilər nələrdir? - ŞƏRH

DÜNYA
09:44 / 11.03.2025
104

"ABŞ və Ukrayna arasında nümayəndə heyətlərinin görüşü gözlənilən idi". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bu gün ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüş barədə danışarkən deyib. 

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı verdiyi vədlər barədə addımlar atmağa başlayıb:

"Artıq bu günə qədər Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. Əslində, sözügedən görüşdə həm də Ukrayna nümayəndə heyətinin olması lazım idi. Lakin rəsmi Vaşinqton bu prosesdə özünün söz sahibi olduğunu, sanki Ukrayna nümayəndə heyətinin görüşdə iştirakına ehtiyac duymadığını göstərdi".

369158

Ekspert qeyd edib ki, birinci görüş zamanı Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qrupların yaradılması ilə bağlı razılaşma əldə olundu:

"İndi isə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək. Yəni hələ də üçtərəfli görüşün keçirilməsinin şahidi olmuruq. Deməli, burada rəsmi Vaşinqton ilə Kiyev arasında hansısa məsələlər müzakirə ediləcək. Onların arasında olan məsələdə faydalı qazıntılarla bağlı sazişin imzalanmasıdır. Donald Tramp bu məsələdə prinsipial olduğunu göstərir".

Xəyal Bəşirov hesab edir ki, bu görüşdə daha çox həmin sənədin imzalanması məsələsi müzakirə olunacaq:

"Düşünürəm ki, görüş zamanı ABŞ tərəfinin əsas məqsədi Ukrayna ilə faydalı qazıntılar barədə sənədin imzalanmasını razılaşdırmaqdır. Ukrayna nümayəndə heyətinin isə məqsədi münaqişənin həlli ilə bağlı müəyyən razılığa gəlməkdir. Eyni zamanda, onlar arasında Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı vəziyyət və ayrı-ayrı detallar da müzakirə edilə bilər. Həmçinin, yeni işçi qrupları yaradılması mümkündür. 

Hansı ərazilərin Rusiyanın nəzarətində qalacağı və ya çıxacağının müzakirə oluna bilər. Lakin məncə, əsasən sazişin imzalanması ilə bağlı vaxt və məkan dəqiqləşəcək. Üstəlik, Ukrayna Prezidenti Volodimir Zelenski də son bəyanatında onu imzalamağa hazır olduğunu demişdi. Belə olan halda Trampla Zelenski arasındakı növbəti görüşdə bu sənəd imzalana bilər". 

Pərviz

0