"Həyatın tapıntısı": Həvəskarlar qədim qızıl və gümüş sikkələrdən ibarət kolleksiya tapdı - FOTO

DÜNYA
10:30 / 12.03.2025
61

Şotlandiyada metal detektor həvəskarları 600 illik qızıl və gümüş sikkələrdən ibarət bir xəzinə aşkar ediblər və bunu "həyatlarının tapıntısı" adlandırıblar.

HİT.az xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, araşdırma zamanı əvvəlcə XV əsr boyunca döyülmüş, Şotlandiya və İngiltərəyə aid ümumilikdə 30 sikkə tapılıb.

Bu nadir tapıntı Keyt Yanq və Liza Stivenson tərəfindən Şotlandiya sərhədləri bölgəsində yerləşən Kapperkleix kəndi yaxınlığında aşkar edilib.

"Bu xəzinə həyatın tapıntısıdır", deyə Stivenson bildirib.

Maraqlıdır ki, sikkələr arasında İngiltərənin gümüş "groot"ları da olub. Onlar həm V Henri (1413–1422-ci illərdə hakimiyyətdə olub), həm də IV Eduard (təxminən 1461–1483-cü illərdə hakimiyyətdə olub) tərəfindən döyülüb. Digər sikkələr isə Şotlandiyanın qızıl "demi" və "yarımdemi"ləri olub. Onlar I Yakob (1406–1437-ci illərdə hakimiyyətdə olub) və II Yakob (1437–1460-cı illərdə hakimiyyətdə olub) dövründə hazırlanıb. Hər bir sikkənin üzərində onu döydürən hökmdarın təsviri olub.

Qeyd olunur ki, "groot" 1279-cu ildə I Eduard tərəfindən İngiltərədə təqdim olunmuş iri gümüş sikkə olub və dörd pens dəyərində qiymətləndirilib. Şotlandiyanın qızıl "demi"si isə fransız dilində "demier" (yarım) sözündən götürülüb. Bu sikkə İngiltərənin qızıl "noble" sikkəsindən təxminən iki dəfə kiçik olub və Şotlandiya pulları ilə doqquz şillinq dəyərində qiymətləndirilib. Qızıl "yarımdemi" isə "demi"nin daha kiçik versiyası olub və təxminən 4,5 şillinqə bərabər olub.

Tapıntı barədə dərhal Şotlandiya Xəzinə Axtarış Şöbəsinə (Scottish Treasure Trove Unit) məlumat verilib. Bu qurum ölkə ərazisində aşkar edilən arxeoloji tapıntıların araşdırılmasına cavabdehdir. İlkin araşdırmalara görə, sikkələrin burada təxminən 1460-cı illərin əvvəlləri və ortalarında basdırıldığı ehtimal edilir. Daha sonra arxeoloqlar həmin ərazidə beş əlavə sikkə də aşkarlayıblar və beləliklə, xəzinədəki sikkələrin ümumi sayı 35-ə çatıb.

Xəzinə Axtarış Şöbəsinin rəhbəri Entoni Li bildirib: "İngiltərə və Şotlandiya sikkələrinin qarışığından ibarət xəzinələr o qədər də nadir deyil, lakin biz Şotlandiyada bu dövrə aid xəzinələrə nadir hallarda rast gəlirik. Bu səbəbdən bu tapıntı olduqca maraqlıdır. Keyt və Liza dərhal və düzgün şəkildə bizə məlumat verdilər. Bunun sayəsində biz Milli Şotlandiya Muzeylərinin arxeoloqları ilə birlikdə həmin ərazidə qazıntı işləri apara və daha beş sikkə aşkar edərək xəzinənin tapıldığı şəraiti sənədləşdirə bildik".

Xəzinə Axtarış Şöbəsi araşdırmalarını başa vurduqdan sonra sikkələr Arxeoloji Tapıntıların Paylanması üzrə Şotlandiya Komissiyasına (SAFAP) təqdim ediləcək. Bu müstəqil qurum sikkələri muzeylər üçün sərgiləməyə açıq edəcək və onların dəyərini müəyyənləşdirəcək. Daha sonra isə həmin məbləğ tapıntını aşkarlayanlara mükafat kimi ödəniləcək. Sikkələri sərgiləmək istəyən muzeylər isə bu mükafatı ödəmək üçün vəsait toplamalıdırlar.

Samir

0