Yerə ən yaxın olan ulduzun ətrafında dörd planet tapıldı

DÜNYA
21:29 / 13.03.2025
37

Astronomlar Yerdən cəmi 6 işıq ili uzaqlıqda yerləşən Barnard Ulduzu ətrafında fırlanan bir neçə planet aşkar ediblər.

HİT.az bu barədə Earth.com-a istinadən xəbər verir.

"The Astrophysical Journal Letters" jurnalında dərc olunan araşdırma göstərib ki, onların hər biri Yer kütləsinin cəmi 20-30%-ni təşkil edir və cəmi bir neçə gün ərzində ulduz ətrafında tam fırlanır.

Barnard Ulduzu 1916-cı ildə Yerkes Rəsədxanasında astronom E. E. Barnard tərəfindən kəşf edilib. Bu, Günəşdən sonra bizə ən yaxın tək ulduz sistemidir.

Havaydakı Gemini teleskopunda quraşdırılmış MAROON-X adlı xüsusi alət ulduzun işıq siqnalındakı zəif dalğalanmaları aşkar edə bilir. Bu yanaşmadan istifadə edən elm adamları Barnard Ulduzu ətrafında üç planet kəşf etdilər. Dördüncüsü, işlərini Çilidə ESPRESSO adlı alətin apardığı əvvəlki müşahidənin məlumatları ilə birləşdirdikdə ortaya çıxıb.

"Biz gecənin müxtəlif vaxtlarında müxtəlif günlərdə müşahidə apardıq. Onlar Çilidə, biz Havaydayıq. Komandalarımız bir-biri ilə ümumiyyətlə koordinasiya etmirdilər. Bu, bizə böyük inam verir ki, bunlar məlumatlardakı fantomlar deyil", deyə tədqiqat müəllifi Ritvik Basant bildirib. 

Elm adamları yeni tapıntıların kiçik qayalı dünyalar olduğundan şübhələnirlər, baxmayaraq ki, dəqiq tərkibi təsdiqləmək çətindir.

Qeyd edilir ki, Barnard Ulduzunun dörd dünyası belə ölçmə vasitələri ilə təsdiqlənən ən kiçik cisimlər sırasındadır. İndiyə qədər kəşf edilmiş qayalı ekzoplanetlərin çoxu adətən Yerdən daha böyükdür.

Samir

0