Misir piramidalarında tapılan bir mumiya 1919-cu ildən bəri "toxunulmaz" kimi tanınır. Bəs alimlər ona niyə toxunmaq istəmir?
HİT.az-ın məlumatına görə, qədim Misirin ən böyük sirrlərindən biri olan Başiri mumiyası bir əsrdən çoxdur ki, alimlərin diqqətini cəlb edir. Lakin "Toxunulmaz" kimi tanınan bu mumiyaya heç bir mütəxəssis əl ilə müdaxilə etməyə cürət edə bilməyib. Onu bu qədər xüsusi və sirli edən isə mumyalama texnikasının unikal və daha əvvəl heç bir yerdə görünməmiş olmasıdır.
Başiri mumiyası məşhur Misirşünas Hovard Karter tərəfindən 1919-cu ildə Kral Tutanxamonun məzarını kəşf etməsindən üç il əvvəl Luksordakı Krallar Vadisində tapılıb. Bu kəşf o dövrdə qədim Misirin naməlumlarını üzə çıxarmaq üçün aparılan işlərə əhəmiyyətli bir töhfə verib.
Mumiyanın ətrafına sarılan bandajlar Misirin məşhur piramidalarını xatırladan mürəkkəb və estetik bir düzənlə sarılmışdı. Bu diqqətlə sarılma üslubu Başirinin qədim Misir cəmiyyətində çox xüsusi və əhəmiyyətli bir yer tutduğunu göstərir. Lakin bu təsirli bağlama alimlər üçün də bir maneə yaradır. Çünki sargılara toxunaraq mumiyanı açmaq bu unikal mumyalama texnikasına zərər verə bilər və onu geri dönüşü olmayan şəkildə məhv edə bilər.
Alimlər Başiri mumiyasının sirrini həll etmək üçün birbaşa müdaxilə etmək əvəzinə müasir texnologiyalardan istifadə edirlər. BT skanları və rentgen kimi texnikalarla mumiyanın fiziki quruluşu haqqında daha çox məlumat əldə edilir. Bu tədqiqatlar Başirinin bir zamanlar təxminən 1,5 metr boyunda bir kişi olduğunu ortaya qoyub.
Araşdırmalar Başiri mumiyasını e.ə. 2-ci əsrlə 3-cü əsrin əvvəlləri arasındakı Ptolemey dövrünə aid edir. Bu dövr mumyalama sənətinin zirvəyə çatdığı və dəfn mərasimlərinin olduqca ətraflı şəkildə həyata keçirildiyi bir dövrdür. Mumiya Ptolemey dövründəki dəfn mərasimləri ilə bağlı unikal bir nümunə təqdim edir və hazırda Qahirədəki Misir Muzeyində sərgilənir.
Mumiyanın üzündəki mürəkkəb sargı naxışı Misir piramidalarının memarlıq dizaynına bənzədilir. Bu dizayn bu şəxsin cəmiyyətdə böyük hörmət qazandığını və ona ehtiram göstərildiyini düşündürür. Bundan əlavə mumiyanın üzərindəki önlükdə tanrıça İsis və Nephthysin fiqurları, kral tanrısı Horusun dörd oğlu və dəfn tanrısı Anubisin şəkilləri yer alır. Bu detallar Başirinin yüksək statuslu, zəngin və nüfuzlu bir şəxs olduğunu göstərir.
Bütün bu tapıntılara baxmayaraq Başiri mumiyasının həqiqi kimliyi hələ də bir sirrdir. Onun adı və ya Misir tarixindəki yeri dəqiq olaraq bilinmir. Alimlər mumiyanı açmadan onun kimliyini anlamağa çalışırlar; çünki bu unikal mumyalama texnikasının qorunması əsas hədəfdir.
Samir