30-dan çox ölkə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır

DÜNYA
17:49 / 17.03.2025
118

Böyük Britaniyanın baş naziri Kir Starmerin rəsmi sözçüsü 30-dan çox ölkənin sülhməramlı kimi Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, “əhəmiyyətli sayda” ölkə bu prosesdə iştirak etmək istəyir.

"İştirak şərtləri fərqli olacaq, lakin bu, əhəmiyyətli bir qüvvə olacaq və əhəmiyyətli sayda ölkə qoşun yerləşdirəcək", deyə "Reuters" Britaniya nümayəndəsinin sözlərindən sitat gətirir.

Böyük Britaniyanın baş nazirinin sözçüsü Moskvanın Ukraynadakı avropalı sülhməramlılarla bağlı qəti mövqeyi ilə bağlı suala belə cavab verib: 

"Xatırlamağa dəyər ki, Rusiya keçən il Şimali Koreya qoşunlarını cəbhə xəttinə göndərərkən Ukraynadan heç bir sual verməmişdi".

Martın əvvəlində Fransa prezidenti və Böyük Britaniyanın baş naziri Avropa sülh planının şərtlərini açıqladılar. Onların təklifinə əsasən, Rusiya-Ukrayna münaqişəsinin tərəfləri bir ay müddətinə havada və dənizdə döyüşləri dayandıracaq, bundan sonra Ukraynada sülhməramlı kontingent yerləşdiriləcək. Ukrayna infrastrukturunu, şəhərlərini və limanlarını 30 minə qədər avropalı əsgərin qoruyacağı gözlənilir. Martın 15-də Emmanuel Makron bildirib ki, sülhməramlıların göndərilməsi Avropa planının bir hissəsi olaraq qalır və Rusiyanın razı olub-olmamasına qərar vermək səlahiyyəti deyil.

Samir
 

0