Yaponiyada 50 ilə yaxın həbsdə yatmış 89 yaşlı İvao Hakamata bəraət alıb.
“Qafqazinfo” “BBC News”a istinadən xəbər verir ki, günahsız yerə cəza çəkdiyinə görə ona 217 milyon yen (1,45 milyon dollar) təzminat veriləcək.
Bu, Yaponiyada indiyədək verilən ən böyük təzminat sayılır.
89 yaşlı yapon 1968-ci ildə öz müdirini, onun həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinsə də, yenidən mühakimə olunduqdan sonra ötən il ona bəraət verilib.
Hakamatanın vəkilləri 47 illik həbsinin onun psixi sağlamlığına zərər verdiyini iddia edərək, mümkün olan maksimum təzminatı tələb ediblər.
Yaponiya hökuməti Hakamataya pul təzminatı ödəyəcək. Yerli media bu təzminatın ölkə tarixində ən böyük cinayət təzminatı olduğunu yazır. Hakamatanın təqsirləndiyi cinayət işi isə Yaponiyada ən uzun və ən məşhur məhkəmə proseslərindən biri olub.
Qeyd edək ki, sözügedən hadisə baş verən vaxt Hakamata Tokionun qərbində mis emalı zavodunda işləyib. Evdə öldürülərək yandırılan müdiri və ailəsinin qatili kimi o ittiham edilib. Hakamata əvvəlcə təqsirini inkar edib, lakin sonra gündə 12 saata qədər davam edən işgəncə və sorğu-suallardan sonra qətli özünün törətdiyini məcburi etiraf edib. O, 1968-ci ildə ölüm cəzasına məhkum edilib. Lakin illər boyu Hakamatanın vəkilləri qurbanların geyimindən əldə edilən DNT-nin onunkuna uyğun gəlmədiyini əsas gətirərək onu təqsirsiz biliblər.
2014-cü ildə İvao Hakamata işinə nadir hallarda rast gəlinən təkrar məhkəmə araşdırması hüququ verilib və müstəntiqlərin onun mühakimə olunmasına səbəb olan dəlillər toplaya biləcəyinə dair şübhələr fonunda bir il sonra həbsdən azad edilib. Həbsdən çıxan Hakamata 91 yaşlı bacısı Hidekonun himayəsində yaşayır.