ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Pit Heqsetin Yəmənə qarşı Amerika silahlı qüvvələrinin zərbələri haqqında məlumatların “Signal” mesencerində sızması qalmaqalından sonra istefa etmək imkanını nəzərdən keçirməli olduğu fikrini rədd edib.
“Report” xəbər verir ki, Amerika lideri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən müvafiq bəyanatla çıxış edib.
“Heqset öz işini əla yerinə yetirir. Onun buna heç bir aidiyyəti yoxdur. Siz Heqseti buna necə bağlayırsınız? Onun buna heç bir aidiyyəti yoxdur. Bu, əcinnə ovudur”, – Tramp deyib.
Qeyd edək ki, martın 24-də “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberq məqalə dərc edib. Məqalədə bildirilir ki, martın 11-də o, Mayk Uolts (Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri) adlı istifadəçidən “Signal” mesencerinə qoşulmaq üçün sorğu alıb. Daha iki gündən sonra jurnalist ABŞ administrasiyasının üzvlərinin Yəmənə qarşı zərbələri müzakirə etdiyi qrup çatına daxil edilməsi barədə bildiriş alıb. Jurnalistin iddiasına görə, martın 15-də Pit Heqset adlı istifadəçi Yəməndəki husilərə qarşı gözlənilən zərbələrin təfərrüatlarını əks etdirən mesaj dərc edib. Mesajda hədəflər, silahlar və zərbələrin ehtimal olunan başlama vaxtı sadalanıb ki, bu da, Qoldberqin sözlərinə görə, bombardmanlar haqqında sosial şəbəkələrdə ilk məlumatların dərc edilmə vaxtı ilə üst-üstə düşüb.
Tramp daha sonra qrupda məxfi məlumatların dərc edilmədiyini bildirib. O, məlumat sızması ətrafında qalmaqala baxmayaraq, Uolts da daxil olmaqla, milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandanın bütün üzvlərinə etibar etdiyini qeyd edib. Uolts öz növbəsində Qoldberqin niyə qapalı qrupa daxil edildiyini bilmədiyini bəyan edib.