“Aydınlık”: Vətəndaş müharibəsi qorxusu, kütləvi etirazlar və ksenofobiya müasir Fransanın reallığıdır

DÜNYA
21:26 / 31.03.2025
99

Sosial həmrəyliyin olmaması, artan gəlir fərqi, islamofobiya və ksenofobiyanın geniş yayılması, vətəndaş müharibəsi qorxusu, habelə Avropa ilə ABŞ arasında dialoqda gərginlik – bütün bunlar müasir Fransa reallığının bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə yazan Türkiyənin “Aydınlık” qəzetinə görə, 2018-ci ildə “Sarı jiletlilər” hərəkatının iştirakçılarını Fransa şəhərlərində küçələrə çıxmağa vadar edən problemlər nəinki həll olunmayıb, hətta daha da ağırlaşıb.

Nəşr əsas diqqəti koronavirus pandemiyasından dəymiş iqtisadi zərər, anti-Rusiya sanksiyaları səbəbindən enerji resurslarının alınması üçün əlavə xərclər, inflyasiya, sənaye artımındakı problemlər, işsizlik və Fransa sakinlərinin həyat səviyyəsinin pisləşməsinə yönəldir.

“Fransada keçirilən növbədənkənar parlament seçkilərindən sonra heç bir siyasi qüvvənin təkbaşına hökumət qura bilməməsi Avropanın bu ölkəsindəki onsuz da ağır vəziyyətə kölgə salıb: Fransada iqtisadi və sosial böhranlar fonunda siyasi böhran yaranıb”, -yazan qəzet əlavə edir ki, silahlanma yarışının arxasınca Rusiyanın düşmənçilik mövqeyindən qaynaqlanan sosial xərclərin daha da azaldılması istisna edilmir.

Türkiyə qəzeti yazır ki, “Ifop/Agir Ensemble” təşkilatının keçirdiyi sorğuya əsasən, Fransada respondentlərin on nəfərindən səkkizi ölkədə yaxın aylarda sosial partlayış baş verəcəyinə inanır.

"Respondentlərin 60 faizi Beşinci Respublikada siyasi sabitliyin qorunub saxlanacağına şübhə ilə yanaşır. Eyni zamanda, fransızlar əvvəllər müzakirə olunmayan mənfi ssenarilər səsləndirməyə başladılar. Məsələn, respondentlərin 39 faizi ABŞ-da Kapitoliyə edildiyi kimi, Yelisey sarayına və ya Fransa Milli Assambleyasına hücumu istisna etməyib”, -yazan “Aydınlık” bu Avropa ölkəsinin sakinləri arasında islamofobiya və ksenofobilyanın artmasını da qeyd edir.
 

0