Ticarət naziri Hovard Lutnik ABŞ-ın pinqvinlərin məskunlaşdığı Heard və Makdonald adalarından idxala niyə rüsum tətbiq etdiyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu adalara qarşı 10%-lik tariflərin tətbiqi ilə bağlı açıqlama internetdə çoxlu zarafatlara və istehzalara səbəb olub. İstifadəçilər Donald Trampın qərarını "boykot edən" və ya "bel çantalarını götürərək" adaları "tərk edən" pinqvinlərlə bağlı zarafatlar edib.
CNN xəbər verir ki, Lutnik əhalisi 0 nəfər olan vulkanik adaların digər ölkələrin boşluq kimi istifadə etməməsi üçün siyahıya daxil edildiyini açıqlayıb:
"Prezident 2018-ci ildə Çinə tariflər tətbiq etdi. Sonra Çin başqa ölkələr vasitəsilə Amerikaya getməyə başladı".
Tramp administrasiyasının siyahı yaratmaq üçün süni intellektdən istifadə etdiyinə dair iddialar var, lakin nazir bunu inkar edir.
Xatırladaq ki, ABŞ prezidenti bu yaxınlarda qlobal ticarətə əhəmiyyətli dərəcədə təsir göstərən yeni idxal tariflərinin tətbiqini elan edib. Əksər ölkələrdən, o cümlədən Azərbaycanda idxala 10% baza tarifi tətbiq edilib. Avropa İttifaqı və Çin daha yüksək göstəricilərlə üzləşib - müvafiq olaraq 20% və 54%.
Maraqlıdır ki, Rusiya və Belarus yeni tariflərin tətbiq olunduğu ölkələr siyahısına daxil edilməyib. Rusiyanın bu siyahıda olmaması beynəlxalq müşahidəçilər arasında böyük marağa və müzakirələrə səbəb olub. Bu tədbirlər qlobal maliyyə bazarlarında ciddi təlatümlərə səbəb olub, mümkün qlobal ticarət müharibəsi və potensial tənəzzül qorxusunu artırıb.
Samir