Yaxın gələcəkdə Ukraynanın "Starlink" peyk rabitə sisteminə alternativ tapa bilməyəcəyi aydındır və bu səbəbdən ölkə hələ uzun müddət İlon Maskın texnologiyasına bağlı qalacaq.
HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Qeyd olunur ki, Ukraynanın Rusiya ilə mübarizəsində "Starlink" sistemi həyati əhəmiyyət daşıyır. Lakin bu asılılıq Kiyevin vəziyyətini çətinləşdirir, çünki İlon Mask əvvəllər bildirmişdi ki, əgər sistemi söndürsə, bütün cəbhə xətti çökər.
Avropa İttifaqı bu risklərlə mübarizə aparmaq üçün Ukrayna üçün ehtiyat variantlar axtarır. Alternativlərdən biri kimi Fransa-Britaniya peyk rabitə operatoru "Eutelsat" göstərilir.
"Eutelsat" şirkətinin baş direktoru Eva Berneke "Politico"ya açıqlamasında bildirib ki, son həftələr hərbi və hökumət rabitəsi üçün bir neçə mənbənin mövcudluğunun vacibliyini göstəyib. Lakin o da etiraf edib ki, hazırda Ukrayna üçün "Starlink"i tam şəkildə əvəz edə biləcək heç bir alternativ yoxdur.
Bernekenin sözlərinə görə, əgər Ukraynanın bütün vətəndaşları və dövlət rabitəsi üçün lazım olan əlaqə imkanlarını tam şəkildə biz təmin etməli olsaq, bunu edə bilmərik. Dürüst olaq. Onun sözlərinə görə, "Eutelsat" yalnız bəzi kritik hallarda hökumətə yardım göstərə bilər.
"Politico" qeyd edir ki, "Starlink"in 7000 peyki "Eutelsat"ın 600 peykindən ibarət donanmasını kölgədə qoyur. Üstəlik, "Starlink"in Ukrayna üzərindəki rabitə ötürmə qabiliyyəti "Eutelsat"ınkından 23–490 dəfə çoxdur. Bu fərq, həmçinin "Starlink" terminallarının daşınma asanlığı və sayı ilə də özünü göstərir – Ukraynada artıq 50 minə yaxın "Starlink" terminalı fəaliyyət göstərir. Halbuki "Eutelsat" bu sayla rəqabət apara bilməz.
Bununla belə, Berneke bildirib ki, "ən azı bir neçə min terminalın kritik ərazilərdə ehtiyat üçün olması mümkündür".
"Reuters" daha əvvəl yazmışdı ki, Almaniya artıq bir ildən çoxdur ki, Ukraynanın "Eutelsat" peyk internet şəbəkəsinə çıxışını maliyyələşdirir. Hazırda ölkədə bu şəbəkəyə qoşulan terminalların sayı 1000-dən azdır, lakin yaxın həftələrdə bu sayın 5–10 min aralığında artacağı gözlənilir.
Samir