"Welt am Sonntag" qəzetinin əlinə keçən Avropa Komissiyasının xüsusi hesabatına görə, 2025-ci ilin birinci rübündə Almaniyada sığınacaq üçün verilən müraciətlərin sayı keçən ilə nisbətən 41% azalaraq 37.387 müraciət təşkil edib.
HİT.az xəbər verir ki, sığınacaq axtaranların sayına görə birinci yeri Fransa tutur - burada 40.871 müraciət qeydə alınıb. Onu 39.318 müraciətlə İspaniya izləyir. Almaniya isə yalnız üçüncü yerdə qərarlaşıb.
Lakin Şərqi Avropa ölkələri ilə müqayisədə Almaniyanın rəqəmləri hələ də olduqca yüksəkdir. Məsələn, Slovakiya ilin birinci rübündə cəmi 37, Macarıstan isə yalnız 22 müraciət alıb.
Almaniyada sığınacaq axtaranların sayının azalmasında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi mühüm rol oynayıb. Suriyadan olan müraciətlər keçən ilin birinci rübünə nisbətən 56% azalıb. Türkiyədən (44%) və Kolumbiyadan (45%) olan miqrant axını da azalıb.
Ümumilikdə, ilin birinci rübündə Aİ, Norveç və İsveçrədə sığınacaq üçün 210.641 nəfər müraciət edib.
İndi Aİ-yə ən çox qaçqın hiperinflyasiya, kütləvi işsizlik və diktator Nikolas Maduro təqibatinin davam etdiyi Venesueladan gəlir. Bu ölkədən 25.375 sığınacaq müraciəti olub — bu, keçən ilə nisbətən 44% çoxdur. Ukraynadan (84%), Çindən (87%) və Hindistandan (56%) olan müraciətlərin sayı da artıb.
Avropa Komissiyası hesabatında Yaxın Şərqdə, xüsusilə Suriyada qeyri-sabit vəziyyətlə bağlı da narahatlıq ifadə edib. Əsəd rejimi devrildikdən sonra ələvilərə qarşı təqiblər narahatçılıq doğurur. Avropaya yeni qaçqın dalğalarının gəlməsi ehtimalı var.
Samir