Britaniyada internetdə təhqirə görə hər gün onlarla nəfər həbs olunur

DÜNYA
20:20 / 07.04.2025
78

Böyük Britaniyada polis hər gün sosial şəbəkələrdə və digər onlayn platformalarda yayımlanan təhqiramiz paylaşımlara görə 30-dan çox həbsetmə əməliyyatı həyata keçirir. 

HİT.az xəbər verir ki, "The Times" qəzetinin əldə etdiyi məlumatlara əsasən, "qıcıq", "narahatlıq" və ya "təşviş" doğura biləcək davranışlara görə saxlanılanların sayı əhəmiyyətli dərəcədə artıb.

Nəşrin yazdığına görə, hər il Britaniyada təxminən 12 min nəfər 2003-cü il rabitə qanununun 127-ci maddəsi və 1988-ci il ziyanlı kommunikasiya qanununun 1-ci maddəsi əsasında həbs olunur və dindirilir. Bu qanunlar "təhqiramiz" mesajların göndərilməsini və ya "ədəbsiz, nalayiq və ya hədələyici xarakterli" məzmunun elektron kommunikasiya vasitələri ilə yayılmasını cinayət hesab edir.

2023-cü ildə ölkənin 37 polis idarəsi tərəfindən ümumilikdə 12 183 nəfər saxlanılıb ki, bu da gündə təqribən 33 həbs deməkdir. Bu rəqəm pandemiyadan əvvəlki dövrlə müqayisədə 58 faiz artım deməkdir: 2019-cu ildə bu göstərici 7 734 nəfər idi.

Məlumatlar vətəndaş azadlıqlarını müdafiə edən təşkilatlar tərəfindən kəskin tənqid olunub. Onlar polis nəzarətinin internetdə həddindən artıq artdığını və rabitə qanunlarındakı "mücərrəd" ifadələrin söz azadlığına təhdid yaratdığını bildirirlər.

Halbuki, ölkənin keçmiş baş prokuroru ser Kir Starmer vaxtilə sosial şəbəkələrdəki təhqiramiz paylaşımlara görə cinayət təqibinin yalnız "istisna hallarda" tətbiq edilməsini tövsiyə etmişdi. Buna baxmayaraq, həbs sayı artmaqda davam edir.

Eyni zamanda hökumət məlumatlarının təhlili göstərir ki, kommunikasiya pozuntuları üzrə ittiham qərarları və cəzaların sayı son on ildə nəzərəçarpacaq dərəcədə azalıb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə 127-ci və 1-ci maddələr üzrə cəmi 1 119 hökm çıxarılıb. Bu, 2015-ci ildəki 1 995 hökmə nisbətən iki dəfəyə yaxın azalmadır.

Mütəxəssislər hesab edir ki, həbslərin bir çoxu məhkəmə qərarı ilə nəticələnmir. Səbəblər arasında məhkəmədənkənar qərarlar olsa da, ən geniş yayılmış səbəb "sübut çatışmazlığı", xüsusilə də zərərçəkmişlərin prosesə dəstək verməməsidir.

Samir

0