Saxta həkim 7 nəfərin ölümünə səbəb oldu

DÜNYA
21:53 / 08.04.2025
136

Hindistanın Madhya Pradeş ştatının Damoh bölgəsində saxta həkim olduğu iddia edilən şəxs həyata keçirdiyi ürək əməliyyatları nəticəsində 7 nəfərin həyatını itirməsi səbəbilə həbs olunub.

HİT.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Narendra Con Çemm adı ilə tanınan şübhəli yanvar-fevral aylarında 15 xəstəyə ürək əməliyyatı edib. Bu əməliyyatlardan sonra 7 pasiyent həyatını itirib.

Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs heç bir tibbi sənəd təqdim etməyib və saxta həkim ola biləcəyi şübhəsi ilə saxlanılıb.

"Hindustan Times" nəşrinin xəbərinə əsasən, polis onun əsl adının Narendra Vikramaditya Yadav olduğunu müəyyənləşdirib. Yadav barəsində "saxta tibbi diplom düzəltmək və bu sənədlərdən fırıldaqçılıq məqsədilə istifadə etmək" ittihamları irəli sürülüb.

Digər tərəfdən, Çattisqarh ştatında sabiq deputat Racendra Prasad Şuklanın oğlu Pradeep Şukla iddia edib ki, atası 2006-cı ildə Yadav tərəfindən əməliyyat olunub və həmin əməliyyatdan sonra dünyasını dəyişib. Pradeep Şukla saxta həkimin cəzalandırılmasını tələb edib və prosesin sonadək izləyicisi olacağını bildirib.

Rəsmilər hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıblar.

Samir

0