Avropa İttifaqı ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını artırmağa hazırdır.
HİT.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa İtkonen bildirib.
O qeyd edib ki, Aİ-nin Rusiya qazından imtina etmək istəyi fonunda ABŞ tədarükün diversifikasiyasında mühüm rol oynayır.
Xanım İtkonen jurnalistlərin ABŞ prezidenti Donald Trampın Aİ-nin daha aşağı rüsumlar müqabilində ABŞ-dan 350 milyard dollar dəyərində LNG alması tələbini şərh etmək istəyinə cavab olaraq deyib: "LNG-mizin yarısı artıq ABŞ-dan gəlir, lakin biz idxalı artırmaq üçün danışıqları davam etdirməyə hazırıq".
AK nümayəndəsi qeyd edib ki, Aİ Rusiyanın enerji resurslarından uzaqlaşmağa çalışır və ABŞ Aİ-yə tədarükün diversifikasiyasında mühüm tərəfdaşdır.
Bazar ertəsi Donald Tramp jurnalistlərə deyib ki, Avropa ABŞ-dan enerji almağa məcbur olacaq. "Onlar enerjini bizdən almalı olacaqlar, çünki ehtiyacları var. Onları ala biləcəklər və biz bir həftə ərzində 350 milyard dollardan qurtula biləcəyik", deyə Amerika lideri bildirib.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən gələn məhsullara gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Əsas rüsum 10%, Aİ üçün tariflər 20% idi. Aprelin 7-də Avropa komissarı Maroş Şefçoviç Brüsselin Vaşinqtona qarşı cavab tədbirləri görəcəyini bildirib. Onun sözlərinə görə, tariflərin tətbiqi ilə bağlı səsvermə aprelin 9-da keçirilməli, cavab tədbirlərinin yekun siyahısı isə aprelin 15-də təsdiqlənəcək.
Samir