Trampın təhdidləri İranla müharibəyə səbəb olacaq? - RƏY

DÜNYA
13:34 / 09.04.2025
194

Son zamanlarda ABŞ ilə İran arasındakı gərginlik pik həddə çatıb. 

Artıq ABŞ Prezidenti Donald Tramp İranı açıq şəkildə təhdid edir və onu vurmaqla hədələyir. Ağ Ev rəhbərinin ötən günlərdəki bombardıman təhdidi də onun necə sərt mövqe sərgilədiyinin təzahürü idi. 

Bəzi ekspertlər hesab edirlər ki, bütün bunların fonunda Vaşinqton ilə Tehran arasındakı gərginlik daha da artacaq. Hətta bir çoxları tərəflər arasında hərbi qarşıdurma və ya müharibə ehtimalını belə istisna etmirlər. 

Maraqlıdır, Trampın sərt təhdidləri və Tehranla Vaşinqton yaşanan gərginlik fonunda İranla ABŞ arasında müharibə olma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlama verib. O xatırladıb ki, ABŞ tərəfindən İrana qarşı təhdidlər hər zaman olub:

370846

"Həmçinin, qarşılıqlı təhdidlər də ilk dəfə deyil, dəfələrlə olub. Yəni belə təhdidləri çox görmüşük. Donald Tramp isə ilk dönəmində də İrana qarşı belə ritorika sərgiləyirdi. Ancaq adətən belə sözlər elə təhdid kimi də qalır. Əks halda isə özünü iqtisadi həmlələr kimi özünü göstərir". 

Ekspertin fikrincə, hazırda ABŞ ilə İran arasında hansısa müharibə ehtimalı yoxdur:

"Hazırda ABŞ və İranın proksi qüvvələri arasındakı savaş bir qədər şiddətlənir. Lakin tərəflərin arasında birbaşa müharibə olma ehtimalı isə həddindən artıq dərəcədə aşağıdır. Xüsusilə bu dönəmdə baş verməsi heç inandırıcı deyil. 

Əslində İranın bölgədə olması ABŞ-nin də, İsrailin də işinə yarayır. Onlar nə qədər bir-birinə qarşı düşmən mövqeyində olsalar da, birbaşa olaraq üz-üzə müharibədən hər zaman çəkiniblər. Yaxın gələcəkdə  də onlar arasında müharibə olacağını zənn etmirəm. Çünki İran bölgədə ABŞ üçün balanslaşdırıcı faktordur. Yəni adıçəkilən ölkənin mövcud vəziyyəti Vaşinqtona da sərf edir".

Pərviz

0