Avropa liderləri ABŞ-ın qəfildən öz qoşunlarını qitədən çıxara biləcəyindən narahatdırlar. Onlar Vaşinqtonu ABŞ-ın Avropadakı hərbi kontingentinin ixtisarına dair istənilən planları əlaqələndirməyə çağırırlar.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" müzakirələrdən xəbərdar olan mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın administrasiyasının böyük ehtimalla amerikalı hərbçilərin bir qismini Avropadan çıxaracağı ilə artıq barışıb. Bununla belə, onlar bu cür dəyişikliklərin ən pis nəticələrini yumşaltmaq istəyirlər.
Agentlik hesab edir ki, Amerika qoşunlarının çıxarılması NATO müttəfiqlərinin Rusiyanın həssas ölkələrə qarşı təcavüzünün qarşısını almağa yönəlmiş intensiv işinə xələl gətirə bilər. Bir mənbəyə görə, Vaşinqtonun avropalı müttəfiqləri ABŞ-ın qitədəki hərbi mövcudluğunu xəbərdarlıq etmədən azalda biləcəyindən qorxurlar.
Mənbələrin jurnalistlərə verdiyi məlumata görə, Avropa liderləri ABŞ-ın bu addımı, məsələn, bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vensin çıxışı zamanı onlara məlumat verəcəyini gözləyirdilər.
Bundan əlavə, NATO xarici işlər nazirləri keçən həftə Alyansın mənzil-qərargahında ABŞ dövlət katibi Marko Rubio ilə görüş zamanı onu əmin etməyə çalışıblar ki, onlar öz müdafiələri üçün daha böyük məsuliyyət götürməyə başlayıblar, agentlik əlavə edib. Onlar həmçinin Trampın çoxdankı tələbi olan hərbi xərcləri artıracaqlarına söz veriblər. Bunun müqabilində Avropa amerikalı tərəfdaşlarından qoşunların çıxarılması barədə əvvəlcədən xəbərdar etmək öhdəliyi almaq istəyir.
Mənbələrə görə, Avropa rəsmiləri Vaşinqtonu qitədə ABŞ-ın hərbi mövcudluğunun faydalarına inandırmaqda davam edir. Xüsusilə, Amerika ordusunun Avropada qalmaqla “siyasi güc nümayiş etdirdiyini” iddia edirlər.
Agentliyin həmsöhbətlərindən biri xəbərdarlıq edib ki, ABŞ-ın logistika, hava və kəşfiyyat aktivlərinin Avropadan yenidən yerləşdirilməsi Asiyada potensial qaynar nöqtələrə qoşunların sayının azaldılmasından daha çox təsir göstərəcək. O vurğulayıb ki, Avropa ABŞ qoşunlarının planlaşdırılan çıxarılmasından təsirlənəcək dəqiq sayı və yerləri hələ bilmir.
Agentlik ABŞ-ın 20 minə yaxın amerikalı əsgərini Avropadan çıxara biləcəyini proqnozlaşdırır. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra ABŞ-ın keçmiş prezidenti Co Baydenin qitəyə göndərdiyi hərbçilərin sayıdır.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış amerikalı hərbçilərin strateji əhəmiyyətli Rzeşov-Yasyenka hava limanını tərk etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ əsgərləri ölkədə qalacaq, lakin başqa bazalarda yerləşdiriləcək.
Bundan əlavə, ABŞ ordusunun baş qərargah rəisi Kristofer Kavoli Amerika hərbçilərinin nə üçün Avropada qalmalı olduğunu izah edib. O, Rusiyadan gələn təhlükə barədə xəbərdarlıq edib.
Samir