Böyük Britaniyada Ədliyyə Nazirliyi, baş nazir Kir Stramer hökumətindən aldığı tapşırıqla "qətllərin proqnozlaşdırılması" proqramını həyata keçirir.
HİT.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, bu proqramın məqsədi müxtəlif səbəblərlə hüquq-mühafizə orqanlarının diqqətində olan və ya digər vətəndaşların şəxsi məlumatlarını xüsusi alqoritmlərlə təhlil edərək qətllər törədə biləcək şəxsləri əvvəlcədən müəyyən etməkdir.
Bu proqramın mövcudluğu "Statewatch" hüquq müdafiə təşkilatının "İnformasiya azadlığı haqqında" qanuna uyğun olaraq hökumətə müraciət etməsi nəticəsində məlum olub. Proqramın təsvirinə görə, pasport məlumatları ilə yanaşı, aşağıdakı məlumatlar da təhlil ediləcək:
- Sağlamlıq vəziyyəti, mümkün asılılıqlar, əlillik
- Hüquq-mühafizə orqanlarında və tibb müəssisələrində uçotda olma
- Hər hansı qanun pozuntuları üzrə saxlanmaların sayı
- Cinayət işlərinin sayı, silah saxlanması halları
- Aqressiv davranış, digər vətəndaşların təqibi, özünə zərər vermə halları
Bundan əlavə, alqoritmlər cinayətlərdən və ya ailə zorakılığından zərər çəkmiş şəxslərin şəxsi məlumatlarını, habelə ilk dəfə polisə müraciət etdikləri yaşı da təhlil edəcək.
Ədliyyə Nazirliyi potensial qatillərin proqnozlaşdırılmasının vətəndaşları qoruyacağını düşünür və proqramın yalnız tədqiqat məqsədləri üçün aparıldığını təkid edir. Lakin ekspertlər bu proqramı "qorxuducu və qaranlıq" adlandıraraq, belə "proqnozlaşdırma" sistemlərinin gözlənildiyi kimi işləmədiyini, əksinə irq və maddi vəziyyət əsasında ayrı-seçkiliyi gücləndirdiyini sübut edən araşdırmaları xatırladırlar.
Samir