NASA peykı okean dibində minlərlə yeni dağ aşkar etdi

DÜNYA
19:51 / 10.04.2025
162

NASA və Fransa Kosmik Agentliyi CNES-in birgə layihəsi olan SWOT peykı okean dibində əvvəllər məlum olmayan 100 mindən çox yeni dağ və təpəni xəritələşdirib. 

HİT.az xəbər verir ki, peyk okean səthindəki millimetr dəqiqliklə hündürlük dəyişikliklərini təhlil edərək dəniz altı relyefini üzə çıxarıb.

Elm adamları bu kəşfin okean dibinin xəritələnməsində inqilab adlandırır. Aşkar edilən sualtı dağlar, dərin okeanlarda istilik və qida axınını tənzimləyərək dəniz canlılarının yaşayış mühitinə təsir edir. Bu quruluşlar həm də litosfer plitələrinin hərəkəti ilə bağlı tədqiqatlar üçün əhəmiyyətli məlumatlar verir.

SWOT peykı Yer səthinin təxminən 90%-ni hər 21 gündə skan edə bilir. O, okean səthindəki bir neçə santimetrlik dəyişiklikləri müəyyən edib altındakı relyefi müəyyənləşdirir.

Geofizik Devid Sendvell və onun komandası bir illik məlumatlardan istifadə edərək dəniz altındakı dağlıq ərazilərin xəritəsini hazırlayıb. Əvvəlki peyk müşahidələri yalnız 1 km hündürlüyündəki dağları aşkara çıxara bilərkən, SWOT bu həddi 500 metrə qədər endirib.

370906SWOT-un yaratdığı xəritələrdə bənövşəyi rəng okean dibindəki çökəklikləri, yaşıl rəng yüksək kütləli dağlıq sahələri göstərir

Tədqiqatçılar indi bu quruluşların dəqiq dərinliklərini hesablamaq üzərində işləyirlər. Əldə edilən məlumatlar, NASA-nın 2030-cu ilə qədər bütün okean dibinin sonar vasitəsilə xəritələnməsi hədəfinə əhəmiyyətli dərəcədə kömək edəcək. Bu detallı xəritələr sayəsində məlum sualtı dağların sayı 44 mindən 100 minə qədər artıb.

Elm dünyası Ayın səthinin okean dibindən daha yaxşı xəritələndiyi faktını SWOT vasitəsilə dəyişdirməyi hədəfləyir. Peykin təqdim etdiyi məlumatlar, okeanların kəşf olunmamış dərinliklərinə işıq tutur.

Okeanların 80%-dən çoxu hələ də kəşf edilməyib. Bu məlumatlar iqlim modellərindən balıqçılıq idarəçiliyinə, hətta sunami erkən xəbərdarlıq sistemləri kimi sahələr üçün çox önəmlidir. SWOT okeanların "qaranlıq dünyasını" işıqlandırır! 

Samir

0