İlon Mask süni intellekti "cadugər ovu"nda istifadə edir?

DÜNYA
11:11 / 11.04.2025
145

İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin (Department of Government Efficiency - "DOGE") süni intellektlə dəstəklənən kommunikasiya izləmə fəaliyyətləri barədə iddialar ABŞ ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. 

HİT.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı xəbərə görə, qurum Mask və ABŞ Prezidenti Donald Tramp haqqında danışılanları izləmək üçün süni intellektdən istifadə etməyə başlayıb.

Məlumata əsasən, DOGE-nin süni intellekt texnologiyasından istifadəsi əsasən Mask və Trampa qarşı yönəlmiş mənfi və ya düşməncə fikirlərin müəyyənləşdirilməsinə yönəlib. Başqa sözlə, süni intellektin bu şəkildə istifadəsi, bir növ “cadugər ovu” kimi qiymətləndirilir.

İddialara görə, bu izləmə prosesi ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) kimi federal qurumlarda çalışan bəzi rəhbərlərə də təsir edib. "Microsoft Teams" kimi geniş istifadə olunan kommunikasiya vasitələri vasitəsilə Tramp və Mask əleyhinə söylənən fikirləri təhlil etmək üçün süni intellekt sistemləri işə salınıb. Məlumata görə, bu texnologiya vasitəsilə DOGE rəhbərliyin planlarına qarşı çıxan işçiləri aşkar etməyə çalışır. Hətta EPA rəhbərlərindən birinin işçilərə “nə dediyinizə, nə yazdığınıza və nə etdiyinizə diqqət yetirin” xəbərdarlığı etdiyi bildirilir.

EPA bu cür süni intellekt izləmələrinin sədaqətsiz işçiləri müəyyənləşdirmək məqsədi daşıyıb-daşımadığını açıq şəkildə bildirməyib. Lakin qurum "Reuters"ə verdiyi açıqlamada, idarəetmənin səmərəliliyini artırmaq üçün süni intellektin istifadəsinin araşdırıldığını bildirib. Eyni zamanda, bu texnologiyanın DOGE ilə birgə qəbul olunan işçi qərarlarında istifadə edilmədiyi də vurğulanıb. Bundan əlavə, DOGE vasitəsilə həyata keçirilən hökumət xərclərinin azaldılması proqramı çərçivəsində EPA-nın təxminən 600 işçini müvəqqəti olaraq işdən azad etdiyi və büdcəsini 65 faiz azaltmağı öhdəsinə götürdüyü qeyd olunub.

Bütün bu hadisələrin fonunda DOGE əməkdaşlarının öz aralarında əlaqə yaratmaq üçün "Signal" tətbiqindən istifadə etdikləri barədə iddialar yayılıb. Əgər bu məlumat doğrudursa, "Signal"in mesajları müəyyən müddətdən sonra avtomatik silmə xüsusiyyəti federal arxiv tələblərinin pozulmasına gətirib çıxara bilər. Çünki dövlət orqanlarında daxili yazışmaların rəsmi qeydlərinin saxlanılması hüquqi bir zərurətdir.

Bundan əlavə, bəzi DOGE əməkdaşlarının rəsmi sənədləri birgə hazırlamaq üçün "Google Docs" platformasından istifadə edərək, nəzarət zəncirinə və təhlükəsizlik yoxlamalarına riayət etmədikləri də iddia edilir. Həmçinin Elon Maskın yaratdığı "Grok AI" texnologiyasının da bəzi proseslərdə istifadə olunduğu bildirilir, lakin bu texnologiyanın konkret hansı məqsədlərlə tətbiq edildiyinə dair ətraflı məlumat hələlik açıqlanmayıb.

DOGE-nin Prezident Administrasiyası çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, qurumun fəaliyyətini gizli şəkildə həyata keçirməsi ilə bağlı şikayətlər artır. Rəhbərlik DOGE-nin rəsmi dövlət qurumu olmadığı üçün fəaliyyət sənədlərini ictimaiyyətə təqdim etməyə borclu olmadığını bəyan edir. Lakin ötən ay Vaşinqtonda bir federal hakim, "Məsuliyyət və Etika üçün Vətəndaşlar" adlı qeyri-hökumət təşkilatının müraciəti əsasında informasiya azadlığı qanunları çərçivəsində DOGE-nin fəaliyyət sənədlərinin təqdim edilməsinə qərar verib. "Reuters"ə verilən açıqlamaya görə, bu qərardan sonra da DOGE tərəfindən hələ heç bir sənəd təqdim edilməyib.

Samir
 

0