Tayvan sahillərində, suyun altında yerləşən "Yonaguni abidəsi" – digər adı ilə “Yaponiyanın Atlantisi” – insanlıq tarixilə bağlı bildiklərimizi dəyişdirə biləcək potensiala malikdir.
HİT.az xəbər verir ki, Yaponiyanın Ryukyu adalarına yaxın bir ərazidə, dəniz səviyyəsindən cəmi 25 metr dərinlikdə yerləşən bu sirli quruluş 1986-cı ildə kəşf olunduğu vaxtdan bəri elm dünyasında maraq doğurmağa davam edir.
Yonaguni abidəsi kəskin bucaqlı pillələrlə seçilən nəhəng bir daş strukturdur və təqribən 27 metr hündürlüyə malikdir. Quruluşun bütövlüklə daşdan ibarət olması onun insan əli ilə tikildiyi fikrini gücləndirir.
Araşdırmalar göstərir ki, bu daş formasiyanın yaşı 10.000 ildən də qədimdir. Əgər bu quruluş həqiqətən də insanlar tərəfindən tikilibsə, bu o deməkdir ki, o, bölgənin sular altında qalmasından əvvəl, yəni təqribən 12.000 il əvvəl inşa edilib. Bu da Yonaguni abidəsinin Misir ehramları və ya Stounhencdən minlərlə il daha qədim olduğunu göstərir.
Elm adamlarına görə, qədim cəmiyyətlər böyük tikililər inşa etmə bacarığını təxminən 12.000 il əvvəl, kənd təsərrüfatının inkişafı ilə qazanıblar. Lakin əgər Yonaguni bu tarixdən daha əvvəl inşa olunubsa, bu, insanlıq tarixinə dair mövcud qənaətləri tamamilə dəyişdirə bilər. Hətta bu tikili, itmiş bir sivilizasiyanın varlığına dair dəlil də ola bilər. Bu səbəbdən Yonaguni abidəsi tez-tez “Yaponiyanın Atlantisi” adlandırılır. Lakin onun süni, yoxsa təbii proseslər nəticəsində yaranması ilə bağlı mübahisələr hələ də davam edir.
Son illərdə sosial media və podkastlar vasitəsilə daha çox diqqət çəkən bu sirli quruluş tarixçilərin və arxeoloqların maraq dairəsinə daxil olub. Əgər Yonaguni abidəsi həqiqətən də insan əli ilə hazırlanıbsa, o zaman Türkiyədəki Göbəklitəpə ilə birlikdə itmiş sivilizasiyalara dair güclü sübut kimi çıxış edə bilər.
Göbəklitəpə Neolit dövrünə (təqribən eramızdan əvvəl 9500–8000-ci illər) aid edilən bir arxeoloji sahədir və Misir ehramlarından 5000, Stounhencdən isə 6000 il daha qədimdir.
Bundan əlavə, İndoneziyadakı "Gunung Padang" kimi digər qədim tikililər bu iki nümunədən də qədim ola bilər. 1890-cı ildə yenidən kəşf edilən Gunung Padang, dünyanın ən qədim piramidası hesab olunur. Aparılan araşdırmalar göstərir ki, 30 metr dərinlikdə yerləşən meqalit strukturu 16.000 ildən də qədim ola bilər. Alimlərə görə, bu, ovçu-toplayıcı cəmiyyətlərin düşündüyümüzdən daha inkişaf etmiş mühəndislik biliklərinə malik olduqlarını göstərə bilər.
Yonaguni abidəsi ilə bağlı hələ ki, qəti elmi nəticə əldə olunmayıb. Alimlər qeyd edirlər ki, bu ərazidəki qumdaşı çatlamaları təbii geoloji proseslərin nəticəsi ola bilər. Üstəlik, abidə minillərlə su altında qaldığı üçün dəniz canlıları səthini örtərək daşların düz və insan əli ilə yonulmuş kimi görünməsinə səbəb ola bilər.
Samir