Bu qarışqaların biri 220 dollardır

DÜNYA
20:37 / 15.04.2025
61

Keniyada dörd nəfər, populyarlığı sürətlə artan yüzlərlə nadir qarışqanı ölkədən çıxarmağa çalışarkən yaxalanıb. Qaçırılmağa cəhd edilən canlılar arasında hər biri təxminən 220 dollara satılan nəhəng Afrika məhsulçu qarışqaları da olub.

HİT.az xəbər verir ki, iki Belçika vətəndaşı, bir Vyetnam vətəndaşı və bir Kenya vətəndaşından ibarət qrup, qanunsuz vəhşi təbiətə sahib olmaq və onun ticarətini aparmaq ittihamı ilə mühakimə olunur.

Qaçırılmağa cəhd edilən canlılar arasında nəhəng Afrika məhsulçu qarışqaları da olub. Polis, bu qarışqaları xüsusi şəkildə dəyişdirilmiş sınaq şüşələrində və şprislərin içində gizlədilmiş vəziyyətdə aşkar edib.

Kenya Vəhşi Təbiət Xidmətinin (KWS) paylaşdığı fotolarda, hər birində iki və ya üç qarışqa olan, pambıqla doldurulmuş yüzlərlə paket görünür.

Qaçırılmağa cəhd edilən qarışqaların dəqiq sayı hələ hesablanmayıb, lakin KWS sözçüsü Pol Udoto BBC-yə bu hadisənin ölkə tarixində bu miqyasda ilk "bio-piratlıq" halı olduğunu deyib.

Şprislər və sınaq şüşələri təhlükəsizlik sistemlərindən yayınmaq üçün xüsusi olaraq hazırlanmışdı. Şübhəlilər qarışqaları qaçırmaq məqsədilə ölkələrə turist vizası ilə daxil olurdu.

Şübhəlilər saxlanıldıqdan sonra günahlarını etiraf ediblər.

Nadir həşərat növlərinə olan tələbatın artdığını bildirən Kenya Vəhşi Təbiət Xidməti bu hadisəni önəmli bir hüquqi presedent kimi qiymətləndirib.

Bildirilir ki, kolleksiyaçılar bu qarışqaları "formikarium" adlanan xüsusi yaşam mühitlərində saxlayır və koloniyalarının qurulmasını izləyirlər.

KWS, gizli vəhşi təbiət qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində hava limanları və digər keçid nöqtələrində inkişaf etmiş skan texnologiyaları ilə daha ciddi nəzarət çağırışı edib.

Nəhəng Afrika məhsulçu qarışqası (Messor cephalotes) uzunluğu 20 mm-yə çatan və növünün ən böyük nümunələrindən biridir. Kraliça qarışqa isə 25 mm-ə qədər böyüyə bilir.

Samir

0