Niderland sperma donorluğu sistemi ilə bağlı ciddi böhran yaşayır. Məlum olub ki, son 20 ildə ən azı 85 kişi 25-dən çox uşağın atası olub. Bu vəziyyət gələcəkdə münasibət yaşayan insanların bacı-qardaş olub olmadıqlarını öyrənmək üçün DNT testi etdirməli olacaqları təhlükəsini gündəmə gətirib.
HİT.az xəbər verir ki, Niderlandın milli ginekologiya və mamalıq təşkilatından verilən məlumata görə, bəzi klinikalar bilərəkdən eyni sperma nümunələrindən 25-dən çox istifadəyə yol verib, lazımi sənədlər və donorların xəbəri olmadan sperma dəyişdirib və eyni donorların bir neçə klinikada sperma bağışlamasına imkan yaradıb.
Halbuki 1992-ci ildən etibarən ölkədə qəbul olunmuş qanuna əsasən, bir donorun maksimum 25 uşağa atalıq etməsi mümkündür. Bu, istəmədən baş verən qohum evliliyinin qarşısını almaq məqsədi daşıyır. Lakin klinikaların sərt məxfilik qaydaları bu qanunun tətbiqini çətinləşdirib.
Açıqlamalara görə, donorların əksəriyyəti 26 ilə 40 arasında uşağın bioloji atası olub. Bir neçə donor isə 50-dən 75-ə qədər uşağa atalıq edib. Onların arasında, klinikada işləyən və qeyri-qanuni şəkildə ən azı 81 uşağın bioloji atası olan Yan Karbaat da daxil olmaqla, azı 10 doğum həkimi var.
Bu qalmaqal daha əvvəl niderlandlı "YouTuber" Yonatan Meyerin ən azı 550 uşağın bioloji atası olduğunun ortaya çıxması ilə gündəmə gəlmişdi.
Bir kişinin 25-dən artıq sperm bağışında bulunması "kütləvi donorluq" adlandırılır. Ölkədə son 20 ildə bir çox kişinin müxtəlif klinikalarda təkrar-təkrar sperma bağışladığı məlum olub.
Niderland Ginekoloqlar Assosiasiyasının rəhbəri Mariyeke Sxonenberq bildirib: "Kütləvi donorluq hallarının sıfıra endirilməsi vacibdir".
Mütəxəssislər bu vəziyyətin minlərlə insanın həyatını təsir edəcəyini və insanların münasibət qurmazdan əvvəl qohum olub-olmadıqlarını yoxlamaq üçün DNT testinə ehtiyac duyacağını vurğulayıblar.
Samir