Sülhün qiyməti müharibədən bahadır: Trampın Putinlə bağlı anlamadığı 7 məqamı

DÜNYA
18:49 / 16.04.2025
126

Amerikalı politoloq, Amerikanın Müəssisə İnstitutunun aparıcı elmi işçisi Leon Aron yazır ki, Vladimir Putinin əsas məqsədi sülh deyil, müharibənin davam etməsidir. O hesab edir ki, ABŞ prezidenti Donald Tramp, Ukraynada münaqişəni həll etmək cəhdlərində Putinin düşüncə tərzini və məqsədlərini düzgün dərk etmir.

HİT.az bu barədə "Politco"ya isitinadən xəbər verir.

Onun fikrincə, Putin Ukraynada sülhə nail olmaq üçün kifayət qədər səbəblərə malik görünür:

– Rusiya ordusunun təxminən 700 min ölü və yaralı itkisi,
– Gündəlik minə qədər canlı qüvvə itkiləri,
– İqtisadiyyatın zəifləməsi,
– Əsas ərzaq məhsullarının – çörək, ət, makaron – ikiqat bahalaşması.

Buna baxmayaraq, Kreml sülhə yaxınlaşmaq istəmir. Politoloqa görə, bu, Tramp administrasiyasının əsas səhvindən – Putinin danışıqlara maraqlı olması barədə yanlış təəssüratdan qaynaqlanır.

Trampın anlamadığı 7 məqam:

1. Müharibə diktaturanı legitimləşdirir

2012-ci ildən sonra Putin legitimliyini millətçi və militarist ritorikaya əsaslandırmağa başladı. Müharibə bu çərçivədə rejimin əsas dayağına çevrilib. Daxili düşmən obrazı olmasa, repressiyalar və səfərbərliklər əsaslandırıla bilməz.

2. Putin güc simvollarına dəyər verir

Kreml rəhbəri özünü Stalinə bənzər “ali baş komandan” kimi təqdim edir. Üniformalar, paradlar, medallar bu obrazın ayrılmaz hissəsidir. Sülh isə bu imici zədələyə bilər.

3. Müharibə iqtisadi sistemin dayaq nöqtəsidir

2022-ci ildən bəri Rusiya iqtisadiyyatı müharibəyə uyğunlaşdırılıb.
– Əhalinin alıcılıq qabiliyyəti azalsa da,
– Müdafiə sənayesi əmək bazarında yüksək maaşlı və sabit iş yerləri təmin edir.

Sülh bu sistemin çökməsinə səbəb ola bilər.

4. Müharibənin bitməsi sosial narazılığı artırar

Hazırda döyüşçü ailələrinə yüksək sosial ödənişlər, bonuslar və güzəştlər verilir. Bunların kəsilməsi narazılıq yaradacaq. Müharibədən qazanan regionlar və sahələr itki verəcək. Vətəndaşlar sülh şəraitində işsizlik və qeyri-sabitliklə üzləşə bilər.

5. Avtoritar rejimlər dəyişiklikdən qorxur

Hətta müsbət dəyişikliklər belə – məsələn, müharibənin dayandırılması – sistemi zəiflədə bilər. Avtoritar rejimlər çeviklik və uyğunlaşma qabiliyyətinə malik deyil.

6. Putin risklərdən çəkinmir

Putin riskli oyunların ustasıdır. Tramp nə qədər sülh təklif etsə, Putin bir o qədər yeni güzəştlər tələb edəcək. Bu onun “saziş sənətidir”.

7. Putinə kompromis yox, qələbə lazımdır

Kreml üçün sülh yox, qələbə görüntüsü vacibdir. Əks halda, müharibədəki itkiləri izah etmək mümkün olmayacaq və narazılığı repressiyalarla boğmaq lazım gələcək.

Trampın planları və narazılığı

Tramp prezidentliyə başladıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirməyi vəd etmişdi, lakin buna nail ola bilmədi. Hazırda isə bu planı 100 gün ərzində həyata keçirməyi düşünür. Lakin Putinlə razılıq əldə etmək cəhdləri nəticə vermədiyindən, Trampın Kremllə bağlı narazılığı artır.

11 aprel tarixində Tramp, Putinə qarşı çox sərt şərtlər irəli sürüb. ABŞ mətbuatına görə, Trampın baş müşavirlərindən Marko Rubio və Kit Kelloq ona Kremlin sülh niyyətlərinə qarşı daha skeptik yanaşmağı tövsiyə ediblər.

Samir

0