ABŞ-ın Miçiqan ştatında yaşayan 19 yaşlı Coşua Lou sevgilisi və onun ailəsinə qarşı qisas almaq məqsədilə törətdiyi əməlin nəticəsində həbs cəzası alıb.
HİT.az xəbər verir ki, o, sevgilisinin Karib dənizində kruiz səyahətinə çıxdığı bir vaxtda, onların ev heyvanlarına baxmağa məcbur edildiyi üçün narazılıq hissi keçirib və bu səbəbdən istirahəti pozmaq qərarına gəlib.
Lou kruiz şirkətinə elektron məktub göndərərək gəmidə bomba ola biləcəyinə dair yalan məlumat verib. Məktubda yazılıb: "Hey, düşünürəm ki, sizin "Sunrise" adlı kruiz gəmisində kimsə bomba yerləşdirə bilər".
Həmin vaxt gəmi artıq Mayami limanından Yamaykaya doğru yola düşmüşdü. Lakin alınan təhdid səbəbilə səlahiyyətli orqanlar gəmiyə dərhal geri qayıtmaq əmri veriblər. Daha sonra hüquq-mühafizə orqanları gəmidəki minlərlə otaqda axtarış aparıb, lakin heç bir partlayıcı aşkar edilməyib.
ABŞ prokurorunun köməkçisi Nils Kesslerin bildirdiyinə görə, FTB göndərilən elektron poçtun ünvanını izləyərək Coşua Lounun izinə düşüb. Onun sevgilisinin ailəsi ilə birgə yaşadığı və tətil zamanı tək buraxıldığı üçün narazı olduğu bildirilib. Lakin bu hallar onu cinayət məsuliyyətindən azad etməyib.
Lou saxta partlayıcı təhdidi səbəbilə səkkiz ay həbs cəzasına məhkum olunub. Qeyd edək ki, bu cinayət üçün maksimum cəza beş il həbsdir.
Samir