"ABŞ ilə Çin arasındakı ticarət müharibəsi iki nəhəngin savaşının nəticəsidir".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əvvəllər bu cür gərginliklər hərbi savaşlara çevrilirdi:
"Lakin həm ABŞ, həm də Çin o qədər böyük və güclüdür ki, hərbi savaşa keçmirlər. Müharibə sadəcə ticarət sahəsində davam edir".
Mütəxəssis bu müharibənin səbəbləri barədə də danışıb:
"ABŞ son illərdə iqtisadi cəhətdən Çinin sürətlə ona çatdığını görür. Hətta Çin alıcılıq qabiliyyəti pariteti əsasında ümumi daxili məhsul cəhətdən ABŞ-ni keçib. Lakin nominal ümumi daxili məhsula görə Çin dünyada ikinci yerdədir. Ümumiyyətlə, bu iki ölkə bir yerdə dünya iqtisadiyyatının 40 faizini təşkil edir".
Xalid Kərimli ABŞ ilə Çin arasındakı ticarət savaşının nəticəsinin necə olacağı barədə isə bunları söyləyib:
"Nəticənin necə olmasından asılı olmayaraq, savaşın özü yaxşı deyil. Çünki həmişə nəhənglər savaşanda balacalar zərbə alır. Bu savaşa görə də dünyada iqtisadi artım azala, qlobal inflyasiyanı arta və əmtəə qiymətləri aşağı düşə bilər. Üstəlik, zəif inkişaf etmiş ölkələrin də bu ticarət savaşından zərər görmə ehtimalları kifayət qədər yüksəkdir.
Bəzən Trampın radikal həmlələrinin məqsədi qarşı tərəfi masaya oturtmağa məcbur etmək olur. Hədəfinə nail olduqda isə həmləsini dayandırır. Çinlə bağlı da bunu görə bilərik. Lakin indidən prosesin hara qədər inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir".
Ekspertin sözlərinə görə, ABŞ hesab güclü olduğu anda bu savaşa girmək istədi:
"Çünki indi qalib gəlmək şansı çoxdur. Nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatı son dövrlərdə bir qədər zəifləyib. Eyni zamanda, Çin ABŞ-dən fərqli olaraq ixracdan çox asılıdır. Lakin rəsmi Pekin son 7-8 ildə ABŞ-dən ixrac asılılığını 4-5 faiz azaltmağa nail olub.
Bundan başqa, iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 584 milyard olub. Burada 295 milyard Çinin üstünlüyü var. Yəni tərəflər bir-birlərinə zərbə vurmağa çalışdıqca Çin daha çox əziyyət çəkəcək.
Göründüyü kimi, ticarət savaşını başladan ABŞ daha üstün mövqedir. Çin isə texnoloji və istehsal cəhətdən güclü iqtisadiyyat qura bilir. Amma buna baxmayaraq, bu müharibənin qalibləri yox, ancaq uduzanları olacaq".
Pərviz