Son günlərdə İsrail-İran gərginliyi ilə bağlı flaş bir iddia yayılıb.
Belə ki, İsrailin İrana vurmağa hazırlaşdığı önə sürülür. Hətta bununla bağlı tarix də verilir. İddialara əsasən, İsrail may ayında İranın nüvə obyektlərinə raket zərbələri endirəcək.
Bəs indiki vəziyyətdə bu iddialar nə dərəcədə həqiqətə uyğundur?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, İsrailin İrana zərbə endirəcəyi iddiaları bir müddətdir yayılır:
"İsrail İranın uranı zənginləşdirməsindən və nüvə silahı əldə etmə ehtimallarından çox narahatdır. Təbii ki, İregionda nüvə silahına malik olan İran İsrail üçün böyük təhdidə çevrilə bilər. Rəsmi Tel-Əviv də bu təhdidləri indidən bloklamaq istəyir. Artıq bir aydan artıqdır ki, İsrail ABŞ ilə birlikdə Tehrana qarşı təzyiq edir. Hətta İrana qarşı hərbi əməliyyatlar variantı da tez-tez gündəmə gəlir".
Lakin onun sözlərinə görə, Tehran hakimiyyətinin son zamanlarda ritorikasını yüngülləşdirməsi Vaşinqtonun da İrana qarşı mövqeyində yumşalmalara səbəb olub:
"Artıq tərəflər arasında nüvə sazişi ilə bağlı ilkin danışıqlar mərhələsi də başlayıb. Ümumiyyətlə, İsrail İrandakı mövcud rejimin devrilməsində və ölkənin parçalanmasında maraqlıdır. Onların yalnız bu hallarda maraqları təmin edilmiş olacaq. Bu isə hələ ki, mümkün deyil".
Turan Rzayev hesab edir ki, İsrailin mayda İrana zərbə vuracağı iddiaları inandırıcı deyil:
"Ən azından konkret olaraq may ayında İsrailin İrana zərbə endirmə ehtimalı real görünmür. Çünki ABŞ buna icazə verməyəcək. Ağ Ev İranla danışıqlara problem yaradacaq belə bir hücuma əngəl olacaq. Lakin İran danışıqlardan yayınsa, ona qarşı daha aqressiv addımlar atıla bilər".
Pərviz