Serbiya Avropa İttifaqının mədənçilik koloniyasına çevrilirmi?

DÜNYA
20:29 / 18.04.2025
92

Brüsselin dəstəklədiyi, elektrikli nəqliyyat vasitələri üçün vacib olan litium ehtiyatlarının işlənməsi layihəsi Avropa İttifaqının (Aİ) qapısında yerləşən Serbiyada siyasi sabitliyi pozur və ölkənin Aİ-yə üzvlük perspektivini sual altına alır.

HİT.az "Politico"ya istinadən xəbər verir ki, Avropa İttifaqı elektrikli avtomobillərə keçid strategiyası çərçivəsində Serbiyadakı litium ehtiyatlarına xüsusi əhəmiyyət verib. Lakin bu layihə qarşılığında İttifaq ciddi siyasi narazılıq və ekoloji fəsadlarla qarşılaşıb. Nəticədə Serbiya ilə Brüssel arasında münasibətlər gərginləşib, Aİ-yə üzvlük istiqamətində ictimai dəstək isə zəifləyib.

"Yadar" adlanan litium yatağının Avropada ən iri ehtiyata malik olduğu bildirilir. Bu yataq ildə 1 milyon elektrikli avtomobilin enerji tələbatını qarşılayacaq qədər "ağ qızıl" - litium təmin edə bilər və Avropanın litium ehtiyacının 25 faizini ödəyə biləcək potensiala sahibdir. Bu isə Avropanın fosil yanacaqlardan imtina strategiyası üçün həyati əhəmiyyət kəsb edir.

Yatağın işlənməsi layihəsini isə dünya nəhəngi "Rio Tinto" həyata keçirir. Bu təşəbbüs Aİ-nin Çin kimi ölkələrdən xammal asılılığını azaltmağı hədəfləyən "Kritik Xammallar Qanunu" (CRMA) çərçivəsində Brüsselin əsas diqqətində olan layihələrdən biridir.

Lakin Serbiyada bu layihəyə ciddi müqavimət göstərilir. Yerli əhali ətraf mühitə vurulacaq zərərdən narahatdır, həmçinin layihə ilə bağlı hökuməti korrupsiya və qohumbazlıqda ittiham edirlər. Bu narazılıq Aİ-yə üzvlüyə olan dəstəyi də zəiflədib - hazırda bu dəstək cəmi 40 faiz civarındadır.

Belqradlı tədqiqatçı və layihə əleyhinə keçirilən etirazların təşkilatçılarından biri olan Aleksandar Matoviçin fikrincə, Aİ-nin bu layihəyə dəstək verməsi iqtisadi maraqları əsas dəyərlərdən üstün tutduğu mesajını verəcək və Serbiya ilə region üçün "dramatik nəticələrə" səbəb olacaq.

Etirazlar Serbiyada daha geniş anti-hökumət dalğasına qarışıb. Gərginlik "Rio Tinto" layihəsini dəstəkləyən bir metallurqun çəkdiyi sənədli filmdə layihə əleyhdarlarının "Rusiya agentləri" kimi təqdim olunmasından sonra daha da artıb.

Bu iddia "Wall Street Journal" qəzetində də yer alıb. Digər tərəfdən, etirazçılar həm də Aİ və Çin adına hərəkət etməkdə ittiham olunublar. "Biz eyni anda üç qlobal gücün agenti ola bilmərik", deyə İqtisadi Elmlər İnstitutunda çalışan Matoviç bildirib.

Samir

0