İllərdir Şotlandiyanın Loç Ness gölü ilə bağlı danışılan əfsanəvi canavar hekayələri indi yeni bir mərhələyə qədəm qoyur. Gölün cənubundakı Şoreland Loces yaxınlığında yerləşdirilmiş veb-kamera tərəfindən qeydə alınan yeni görüntülər, ikinci bir canavarın varlığına işarə edə bilər.
HİT.az xəbər verir ki, Şotlandiyanın turizm gəlirlərinin mühüm hissəsini təşkil edən Loç Ness əfsanəsi, bölgədə illik milyonlarla dollar gəlir gətirir. "Visit Inverness Loch Ness" (VILN) təşkilatı tərəfindən paylaşılan bu yeni görüntülər, əfsanəyə olan marağı bir daha canlandırmaq potensialına malikdir.
Tarixi mənbələrdə əsrlər əvvəl bir rahibin fövqəltəbii güclərlə göl canavarını qovduğu qeyd olunur. Lakin son videoda suyun səthində görünən iki ayrı ağ su dalğası, göldə bir yox, iki fərqli canlı ola biləcəyi ehtimalını gündəmə gətirir. Loç Ness canavarı üzrə ixtisaslaşmış bəzi ekspertlər, görüntülərin uzaqdan çəkildiyini nəzərə alaraq, canavarlardan birinin təxminən 3–3,5 metr, digərinin isə 5–5,5 metr uzunluğunda olduğunu bildirirlər.
Maraqlı suallardan biri də budur: 38 milyard işıq ili uzaqlıqdakı qalaktikaları aydın şəkildə təsvir edə bildiyimiz bir dövrdə, nəyə görə bu cür görüntülər hələ də bulanıq və aşağı keyfiyyətli qalır?
Bu yeni iddialar Böyük Britaniya, İrlandiya və Şotlandiya mətbuatında geniş əks-səda doğurub. Xüsusilə də yay mövsümünün yaxınlaşması ilə Loç Ness ətrafındakı hotellərə tələbatın artacağı gözlənilir. Hazırda bölgənin turizm sahəsində yüzlərlə insan çalışır və bu cür xəbərlər, ziyarətçi axınının davam etməsi baxımından həyati əhəmiyyət daşıyır.
Britaniyalılar üçün Loç Nessdə canavar axtarmaq demək olar ki, bir milli ənənəyə çevrilib. İndi bu axtarış yalnız bir canavara deyil, bəlkə də iki sirli varlığa yönələcək. Belə görünür ki, bu yay göl kənarında daha çox kəşf və macəra yaşanacaq.
Samir