Avropada yay istirahəti üçün tövsiyə olunmayan 10 yer - SİYAHI

DÜNYA
19:11 / 23.04.2025
59

Populyar Avropa istirahət məkanlarında turist axınının qarşısını almaq məqsədilə tətbiq edilən məhdudiyyətlər bu yay bəzi istiqamətlərin arzuolunmaz səviyyəyə çatmasına səbəb ola bilər. 

HİT.az xəbər verir ki, "Express" nəşri xəbər verir ki, bir sıra şəhər və bölgələrdə yerli sakinlərin narazılığına cavab olaraq turistlərə qarşı sərt tədbirlər görülür. Bu məkanlarda istirahət etməyə qərar verənlər öz istirahətlərini korlama riski ilə üz-üzə qala bilərlər.

İspaniya

Barselonada 2028-ci ilə qədər turistlərə mənzil icarəyə vermək qadağan edilib. Malagada isə 2024-cü ilin yanvarında 43 rayonda (o cümlədən “El-Exido” və “La-Mersed”) yeni icarə obyektlərinin qeydiyyatına 3 illik moratorium tətbiq olunub. Bundan əlavə, şəhər ötən il turist vergisini beşulduzlu otellərdə qalan qonaqlar üçün gecəlik 6,75 avroya qaldırıb.

İtaliya

Venesiyada 2025-ci ilin mövsümündən etibarən birgünlük turistlərdən 5 avro giriş haqqı alınacaq. Böyük qruplar (25 nəfərdən çox) və kruiz laynerlərinin tarixi mərkəzə girişinə qadağa qoyulub. Portofinoda selfi üçün sıxlıq yaradan turistlərə 242 funt sterlinqə qədər cərimə tətbiq edilir. Romada isə Trevi fəvvarəsinə giriş məhdudlaşdırılıb.

Yunanıstan

Mikonos və Santorini adalarında kruiz laynerlərinin sayı məhdudlaşdırılır, pik mövsümlərdə 20 avro giriş haqqı alınacaq. Afinada yerləşən Akropol kompleksi isə gündəlik ziyarətçi sayını 20 min nəfərlə məhdudlaşdırıb.

Portuqaliya

Sintra şəhəri turizmin həddindən artıq artmasından əziyyət çəkir. Sakinlər sıx hərəkət və sayğısız turistlər səbəbindən narazıdır. Tarixi mərkəzdə yeni otelin inşasına etirazlar və antiturist aksiyalar keçirilib.

Niderland (Amsterdam)

Yeni otellərin inşasına qadağa qoyulub, şəhərdə gecələyən turistlərin sayı 20 milyonla məhdudlaşdırılıb. Airbnb və digər platformalar üzərindən qısa müddətli kirayələrə məhdudiyyətlər tətbiq olunub. Kruiz gəmilərinin 2035-ci ilə qədər tamamilə qadağan ediləcəyi bildirilib. Bir çox əxlaqsızlıq evləri və “kofe dükanları” bağlanıb.

Fransa

Paris qeyri-qanuni qısa müddətli kirayələrə qarşı tədbirlər görüb və bu qaydaları pozanlara 3000 avroya qədər cərimə tətbiq edir. İld-de-Brea adasında isə yay aylarında gün ərzində maksimum 4700 turistin ziyarətinə icazə verilir.

Xorvatiya

Dubrovnik və Split şəhərlərində ictimai yerlərdə spirtli içki qəbul edən turistlərə cərimə kəsilir. Dubrovnikdə kruiz gəmilərinin gəlişi gündə maksimum iki gəmi ilə məhdudlaşdırılıb. Hvar adasında isə yay boyu səs-küy səviyyəsinə ciddi nəzarət edilir.

Avstriya

Hallştattda turist avtobusları və şəxsi nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb. Hətta bir müddət "antiselfi" hasarı da qurulmuşdu, lakin etirazlardan sonra sökülüb. Vyanada isə kirayə mənzillərin illik 90 gün ərzində icarəyə verilməsinə icazə verilir.

Malta

Malta yay aylarında turist axınını qarşılamaq üçün yetərli infrastruktur imkanlarına malik deyil. Su çatışmazlığı, tullantıların utilizasiyası və yol tıxacları ilə bağlı problemlər yaşanır. Eyni zamanda, çoxsaylı qeyri-qanuni kirayə obyektləri vəziyyəti daha da ağırlaşdırır.

Çexiya

Praqada turistlərin çoxluğu səbəbindən bir sıra sərt tədbirlər görülür. Pub turları axşam saat 22:00-dan səhər 6:00-dək qadağan edilib. Qısa müddətli kirayələrə və müəyyən bölgələrdə ziyarətçi sayına məhdudiyyətlər tətbiq olunub.

Samir

0