Almaniyanın Ştutqart şəhərinin kriminal polisi və Ukrayna Milli Polisinin Strateji İstintaqlar Departamentinin birgə keçirdiyi əməliyyat nəticəsində, Essen şəhərində Gürcüstanın Zestafoni şəhərində anadan olmuş, 51 yaşlı Revaz Katamadze – cinayət aləmində "Maqalo" və ya "Rezo" ləqəbi ilə tanınan şəxs saxlanılıb.
Hit.az xəbər verir ki, bu barədə Almaniya və Ukraynanın hüquq-mühafizə orqanları məlumat yayıblar.
Məlumata görə, Katamadze Almaniyada fəaliyyət göstərən və mənzillərə silsilə oğurluqlar həyata keçirən cinayətkar qruplaşmanın "mənəvi lideri" olmaqda şübhəli bilinir. Sözügedən qrup Almaniyada – xüsusilə də ölkənin şimal bölgələrində – təxminən 20 mənzil oğurluğu törədib. Bu işlərlə əlaqəli 13 nəfərin də istintaqa cəlb edildiyi bildirilir. Bundan əlavə, Rezonun cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasında da iştirak etdiyi ehtimal olunur.
Katamadze barəsində məhkəmə qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Əməliyyat zamanı onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan biri daha sonra sərbəst buraxılıb. Araşdırma Almaniyanın şimal bölgələrində baş vermiş seriyalı ev oğurluqları ilə bağlı davam edir.
Abbas