İsrail və HƏMAS arasındakı müharibənin dayandırılması üçün daha bir şərt irəli sürülüb.
Belə ki, İsrail və HƏMAS arasındakı danışıqlarda vasitəçilik edən Misirlə Qətərin nümayəndələri tərəflərə 5 və ya 7 il ərzində sülh təklif edib.
Maraqlıdır, indiki şəraitdə İsrail və HƏMAS bu təklifi qəbul edə bilər? Həqiqətən bu müddət ərzində tərəflər arasında sülh olması mümkündür?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlama verib. O, belə bir təklifin İsrail və ya HƏMAS tərəfindən qəbul olunacağını düşünmədiyini bildirib:
"Çünki indiki mərhələdə İsrailin HƏMAS və Qəzza ilə bağlı mövqeyi bəllidir. Həmçinin, bir müddətdir Qəzza əhalisinin köçürülməsi ilə bağlı məsələ də gündəmdə var. Hərçənd ki, HƏMAS və ərəb dövlətləri bu məsələyə müsbət yanaşmırlar. Ona görə ki, hazırkı mərhələdə qəzzalıların köçürülməsi ilə bağlı məsələ İsrail üçün prioritetdir. Lakin qarşı tərəfin bunu qəbul edəcəyi inandırıcı deyil".
Ekspert hesab edir ki, indiki mərhələdə İsrail və HƏMAS arasında sülhün əldə olunması inandırıcı görünmür:
"Nəzərə almaq lazımdır ki, İsrail sülh üçün əsirlərin hamısının birdəfəlik azad olunmasını da tələb edir. HƏMAS isə bu şərtə riayət etmir. Yəni hazırkı mərhələdə tərəflər arasında uzunmüddətli sülhün əldə olunması üçün əvvəlcə bu şərtlər qəbul edilməlidir.
Əks təqdirdə, sülhün olması mümkün deyil. Atəşkəsin əldə edilməsinə isə nail olmaq mümkündür. Bu da sadəcə qısamüddətli ola bilər. Yəni onun da uzunmüddətli perspektivdə olması real görünmür".
Pərviz