ABŞ-da keçmiş prezident Co Baydenin administrasiyası dövründə hazırlanmış "Ukrayna üçün birlik" proqramı çərçivəsində demək olar ki, 250 min ukraynalı qaçqın yaşayır. Onların bir çoxu siyasi sığınacaq, müvəqqəti status və digər immiqrasiya yardımı üçün müraciət edib, lakin Donald Trampın hakimiyyətə gəlməsi ilə ukraynalı qaçqınlar onlara göstərilən yardımın ləğv olunacağından qorxurlar.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Qeyd edilir ki, Tramp ikinci dəfə ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra xarici vətəndaşlar üçün bütün humanitar şərti azadetmə proqramlarına yenidən baxılmasını əmr edib və həmçinin onların fəaliyyətini 90 gün müddətinə dayandırıb. "Ukrayna üçün birlik" proqramı çərçivəsində ABŞ-a gələn bir çox ukraynalı qaçqın bu yaz Amerika administrasiyasından xəbər gözləyirdi.
Agentlik paylaşıb ki, aprelin 3-də xəbər əvəzinə ukraynalı miqrantlar ABŞ Daxili Təhlükəsizlik Departamentindən "humanitar şərti azad etmə proqramlarına son qoyulduğunu" bildirən elektron məktub alıblar. Üstəlik, məktubda ukraynalıları ABŞ-ı tərk etməyə çağırılıb.
Jurnalistlər müəyyən ediblər ki, ertəsi gün ukraynalı miqrantlar əvvəlki mesajın səhvən göndərildiyi barədə ikinci məktub alıblar. Bununla belə, ukraynalılar yardım proqramlarının fəaliyyətini davam etdirəcəyinə hələ də şübhə edirlər.
"Sadəcə cəmiyyətdə xaos yaradıb. Davamlı olaraq belə təzyiq altındasansa, necə normal işləyib ailəni idarə edə bilərsən?", deyə 2015-ci ildən ABŞ-da yaşayan 29 yaşlı Krım əsilli Edem Uppa bildirib.
Agentlik vurğulayır ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti məktubun neçə nəfərə çatdığını təsdiqləməyib və səhvin necə baş verdiyini açıqlamayıb. Jurnalistlər məktubun qeyri-qanuni mühacirlər üçün nəzərdə tutulduğunu güman edirdilər, lakin o, ABŞ-a qanuni yolla daxil olanlar tərəfindən səhvən qəbul edilib.
Bostondakı "Cameron, Micheroni & Silva" firmasının immiqrasiya üzrə vəkili Nikol Mikeroni jurnalistlərə bildirib ki, o, sığınacaq və deportasiya işləri ilə məşğul olsa da, bu bildirişi Daxili Təhlükəsizlik Departamentindən də alıb. Onun sözlərinə görə, müştərilərdən biri özünün deyil, onun əlaqə məlumatlarından istifadə edib: "Deyəsən, mesaj e-poçt ünvanı sistemə daxil edilmiş hər kəsə gedib. Bu e-poçt insanları sadəcə olaraq panikaya salır, baxmayaraq ki, onların qalmaq hüququ var".
Jurnalistlərlə söhbətində Kiyevdən olan 32 yaşlı Lolita adlı keçmiş dövlət qulluqçusu ABŞ-da qalıb-qalmamaq barədə mayın sonuna qədər qərar verməyi planlaşdırdığını bildirib. O, 2023-cü ilin yanvarında, raketin evindən bir kilometrdən az bir məsafədə düşməsindən bir neçə ay sonra ABŞ-a köçdüyünü paylaşdı. O, hazırda Los-Ancelesdə yaşayır və onun iki illik humanitar icazəsi yanvarda başa çatıb: "Burada vəziyyətim çox zəifdir. Düşünürük ki, hökumətdən heç bir xəbər eşitməyəcəyik və sadəcə olaraq bu vəziyyətlə olduğu kimi yaşamalıyıq".
Samir